Tennisdə ilin ilk “Böyük dəbilqə” turniri geridə qaldı. Qadınlarda qalib belaruslu Arina Sobolenko oldu. Kişilərdə isə Yannik Sinner kuboku başı üzərinə qaldırdı. İtalyan tennisçinin çempionluğu yeni nəslin artıq tam olaraq hegemonluğu ələ alması deməkdir. Uzun illərdir ki, tennisdə Federer-Nadal-Cokoviç dövranı idi. Ara-sıra onların icazə verdikləri zaman Marrey-Vavrinka, Çiliç, Del Potro, Tim və ya Medvedev çempion ola bilib. Britaniyalı tennisçi Endi Marrey bu 3 nəfərə ən yaxın idmançı olub. Vavrinkanı da bu siyahıda qeyd etmək lazımdır. 3 dahinin ən güclü vaxtlarında, onların arasında çempion olmaq asan məsələ deyil.

Son 2 ildə isə yeni nəsil nəhayət ki, qocaları sıxışdırmağa başlayıb. Doğrudur, yeni nəsildən yalnız Karlos Alkaras Cokoviçlə kəllə-kəlləyə gələ bilirdi. Amma ötən ilin sonlarında Yannik Sinner də Alkarasa yardım etməyə başladı. Əslində italyan tennisçi Alkarasdan daha əvvəl ortaya çıxıb. Əvvəlcə məhz onun yeni nəslin lideri olacağı söylənilirdi. Lakin bir neçə il Sinner ümidləri doğrultmadı. Ötən ildən başlayaraq isə o, gücünü nümayiş etdirməyə başladı. Əvvəlki nəsildən çəkinsə də, öz yaşıdları ilə , xüsusilə Alkarasla oyunlarda ona şərik olacağına işarə vurdu.

Keçən il Devis kubokunun qazanılmasında böyük əməyi olan Yannikin bu il “Böyük dəbilqə” qazanacağını çoxları söyləyirdi. Əslində o bunu ötən ilin “Uimbldon”unda etməliydi. Bu gün dünya tennisinə baxdıqda ot örtükdə ən yaxşı oyanaya bilən məhz Sinnerdir. Lakin Londonda o , Cokoviçə 0:3 hesabı ilə məğlub oldu. Həmin vaxt onun qorxduğu və oyunu əvvəlcədən uduzduğunu söyləyənlər var. Bunu həqiqət kimi qəbul etməliyik. Cokoviç elə bir rəqibdir ki, onu qarşısında görən əksər tennisçilər əvvəlcədən məğlub olurlar. Sinnerlə də belə oldu. Lakin sonra, yekun turnirdə qazanılan qələbə özünəinamın yaranmasına gətirib çıxardı. Bu da Sinner üçün çox vacib idi.

Sonuncu dəfə italyan tennisçinin “Böyük dəbilqə” seriyalı turnirdə çempionluğundan 48 il ötür. 1976-cı ildə Adrianna Panatta “Rolan Qarros”da qalib olmuşdu. Bu da İtaliya üçün yeganə çempionluqdurş Ümumiyyətlə , İtaliya tennis məktəbi İspaniyadakı kimidir. Burada daha çox torpaq kortlarda güclü oyunçular olur. Lakin Sinnerdə vəziyyət başqa cürdür. Yannikin ən zəif yeri elə torpaq örtükdür. Digər italyan tennisçi Matteo Berrettini də sürətli kortalrda daha güclü olur. Bütün bunlar İtaliya tennis məktəbinin universallaşdığından xəbər verir. Son illər bu ölkədən kifayət qədər güclü tennisçi çıxmaqdadır. Fonyini öz istedadından tam istfadə edə bilməsə də, digərlərinin dünya səviyyəli tennisçi olması üçün qarşıda xeyli imkanı var. Berrettini, Fonyini və Sinnerdən başqa Lorenso Muzetti və Soneqonu da qeyd etməliyik. Bu isə İtaliyanın tennisin mərkəzi ölkəsinə çevrilməsi deməkdir.

Artıq Sinner tilsimi qırıb. Alkarasdan sonra daha bir gənc tennisçi çempion olub. Bu isə Cokoviç və Nadalın daha bir “Böyük dəbilqə” qazanma şanslarını xeyli aşağı salır. Qeyri-adi hadisə baş verməsə , Novak Cokoviç bir daha Avstraliyada çempion olmamalıdır. 10 dəfə bu turniri qazanan serb tennisçinin dövranı burada bitib. Sinnerin otda güclü olduğunu nəzərə alsaq , “Uimbldon”da da şanslar xeyli aşağıdır. “Rolan Qarros”da isə bu il Ndaal və Alkarasın finalı real görünür. Qalır bircə US Open. Orada da qalib olmaq üçün xeyli namizəd var. İlk növbədə Alkaras, Sinner, çempionluğunu nə olduğunu dadan Medvedev, Bekkerlə işləməyə başladıqdan sonra xeyli güclənən Holger Rune, çox güclü olduğunu bu turnirdə sübuta yetirən Aleksandr Zverev və başqalarının adlarını çəkmək olar.

Federer-Nadal-Cokoviç erası zamanı bu böyük tennisçilərin gənclərə təsirini bu gün görməyə başlayırıq. Məhz onları oyunu ilə böyüyən gənc nəsil indi səhnəyə çıxır. Qarşıdakı turnirlərdə də yeni adlar görməliyik. Bu turnirdə isə ilk növbədə fransalı Artur Qazonu qeyd etmək olar. Çoxdan idi ki, turda servisləri belə səviyyədə yerinə yetirən tennisçi olmurdu. Bir qədər universallığı artdığı təqdirdə fransız tennisçi digərlərinə başağrısı olmalıdır. Vaxtilə böyük ümidlər verən Oje-Aliassimi də yaddan çıxarmamalıyıq. Kanadalı tennisçi düzgün məşqçi seçə bilsə, dünya reytinqinin ilk onluğunun daimi üzvünə çevriləcək. Medvedevin həmyerlisi Andrey Rublyovu da yaddan çıxarmamalıyıq. Gənc vaxtlarında Daniildən də istedadlı olan Andreyin yeganə çatışmayan cəhəti əsəbləridir. Bunun öhdəsindən gələ bilsə, ən pis halda ölkəsinin ən güclüsü olacaq. Medvedevlə müqayisədə daha gözəl oyun nümayiş etdirən Rublyovun azarkeş kütləsi də çoxdur.

Bu turnirin finalında isə Sinner Medvedevlə qarşılaşmada geri dönüş etdi. İlk ik setdə rusiyalı qalib gəldi. Ardınca Sinner 3-cü seti qazandı. 4-cü setdə isə Medvedevin yorulduğu aşkar şəkildə görünməyə başladı. Oyunu izlərkən Medvedevin heç bir şansı olmadığı görünürdü. Belə də oldu. 4-cü setin sonunda öz servisini ədlən verən Medvedev 5-ci setdə daha zəif təsir bağışladı. Sinnerin isə gücü tükənmirdi. Turnir ərzində finala qədər yalnız bir set uduzan Sinnerin gücü daha çox qalmışdı. Medvedev isə turnirdə ən çox kortda olan tennisçi kimi rekordu yenilədi.

FƏRİD

Shares: