AFFA İcraiyyə Komitəsinin iclasının təxirə salınması milli komandalara da təsir edib. Yanvarın 11-də reallaşmalı olan, lakin qeyri-müəyyən vaxta ertələnən yığıncaqda bir sıra məsələlər həllini tapmalı idi.
Futbolinfo.az xəbər verir ki, AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən olunacağı iclasda digər məsələ aşağı yaş qrupları üzrə milli komandalara təyinatlarla bağlı idi. Belə ki, müxtəlif yığmalarımızın baş məşqçiləri bəlli olmalı idi.
İcraiyyə Komitəsinin iclası yubansa da, AFFA-da məşqçilərlə bağlı planlar bəllidir. Aqil Nəbiyev, Füzuli Məmmədov, İlham Yadullayev və Samir Əliyevlə rəhbərlik edəcəkləri milli komandalarla bağlı danışıqlar olub. Ötən il U-19-a rəhbərlik etmiş Nəbiyev indi U-16-da çalışmalıdır. Yadullayev 16 yaşlılarla işini bitirərək bir pillə yuxarı irəliləyibsə, U-17-nin çalışdırıcısı Məmmədov U-18-ə keçib, Əliyev yenə də gənclər millisinə rəhbərlk edəcək.
Dəyişiklik U-19-la bağlı gözlənilir. Son mövsümdə 18 yaşlılara başçılıq etmiş Elxan Abdullayevin bu komandaya təyinatı olmayacaq. AFFA-da bu mütəxəssisin işindən razı deyillər, ona görə də onun Vaqif Cavadovla əvəzlənəcəyi deyilir. “Sumqayıt”ın əvəzedicilərinə rəhbərlik etmiş gənc məşqçi ilə bu barədə söhbət olub. Məşqçilər Komitəsinin məsləhəti ilə irəli çəkilən Cavadovun namizədliyi İcraiyyə Komitəsinin növbəti iclasında təsdiqlənməlidir.
Əldə etdiyimiz bilgiyə görə, həm Konfransın tarixinin müəyyənləşəcəyi, həm də yığma məşqçilərinin təsdiqlənəcəyi İK iclası fevralın ilk yarısında baş tutacaq.