“Neftçi” ilə matça yaxşı başlamışdıq. İlk hissədə qol epizodlarımız var idi, amma yararlana bilmədik”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Murad Musayev deyib.

30 yaşlı oyunçu ötən gün Misli Premyer Liqasının 20-ci turunda “Neftçi”yə 1:3 hesablı məğlubiyyətdən danışıb. Musayev qol vurmaqda əziyyət çəkdikləri üçün bu durumda olduqlarını bildirib: “Məğlubiyyətlərin səbəbi qol vurmaqda çətinlik çəkməyimizdir. Qol vura bilmirik, amma rəqiblər fərqlənir. Epizod yaradırıq, hücum edirik, amma top qapıdan keçmir. Komandanın üzərində sanki ağırlıq var, qol vura bilməmək bəlası çöküb. Bunu heç cür həll edə bilmirik. Sadəcə, ümidimiz böyükdür ki, bu çətinliyi aradan qaldıracağıq. Bilmirəm ki, bunun səbəbi bəxtsizlikdir, ya nədir. Oyun olmasa, epizod yarada bilməsək, deyərəm ki, komandada problem var. Amma elə deyil. Biz bu vəziyyətdə belə yaxşı futbol oynayırıq, hücum etməyə çalışırıq. Sadəcə, əlimizə düşən epizodlardan 1-2-ni yaxşı dəyərləndirməliyik. Əgər bunu bacarsaq, son nöqtədə etibarlı ola bilsək, biz xallar ələdə edəcəyik. Bunun üçün çalışırıq”.

Təcrübəli oyunçu matçın qırılma anının penalti və qırmızı vərəqə epizodu olduğunu düşünür: “Məncə, matçın qırılma anı penalti və qırmızı vərəqə idi. Fikrimcə, bu hal yaşanmasaydı, ən azından uduzmayacaqdıq”.

Musayev “Araz Naxçıvan”la kubok matçı vacibdir, yoxsa Premyer Liqa” sualına isə belə cavab verib: “Əlbəttə ki, bizim üçün hər matç önəmlidir, vacibdir. Amma real danışsaq, Premyer Liqadakı oyunlar daha önəmlidir. Buna baxmayaraq, kubokda da yolumuza davam etməyə çalışacağıq”.

Mərkəz müdafiəçisi növbəti turda “Zirə”yə qarşı keçirəcəkləri oyunda 5 itki ilə meydana çıxmalarının onlara böyük çətinlik yaradacağını da sözlərinə əlavə edib: “Hamısı da mərkəz oyunçularıdır. Növbəti oyun üçün mərkəz xəttdə bircə Emil Səfərov qalıb. Ümid edirəm ki, sonluq yaxşı olar. Amma bizim üçün həddən çox çətin olacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp