“Kəpəz”in yarımmüdafiəçisi Mate Kvirkviyanın futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ”a məğlub olsanız da, yaxşı mübarizə apardınız. Ən azından bir xal qazanmaq olardı. Uduzmağın səbəbini nədə görürsən?
– Məncə, vurduğumuz qoldan sonra konsentrasiyanı itirdik. Düşündük ki, bu matçda uduzmayacağıq. İki çox ciddi səhvə yol verdik və hər ikisi qol oldu. “Qarabağ” bu cür şeyləri bağışlamır.
– Hamı “Qarabağ”a rahat uduzacağınızı gözləyirdi…
– Ümumiyyətlə, təkcə “Qarabağ”a deyil, bütün komandalara asanlıqla uduzacağımız düşünülür. Bunun niyə belə olduğunu bilmirəm. İki ildir ki, heç kimdən geri qalmadığımızı sübut edirik. “Qarabağ”la matça gəlincə, təbii ki, motivasiya burada rol oynayır. Komandanı motivasiya edən şey də özümüzü sübut etmək istəyimizdir. Şəhərimiz və azarkeşlərimiz üçün də yaxşı olmaq istəyirik.
– Adil Şükürov qısa zamanda komandada nəyi dəyişdi?
– Fikrimcə, onun gəlişi öncə bütün futbolçularda özünəinam yaratdı. Psixoloji cəhətdən də komanda yaxşılaşdı. Əlbəttə ki, biz bundan sonra daha çox çalışacağıq. Yaxşı oyunlar göstərmək düşüncəsindəyik.
– Çempionatın ilk yarısını süni örtüklü Tovuz şəhər stadionunda keçirdiniz, indi isə “Qəbələ”də təbii örtüklü meydançada oynayırsınız. Bu, təsir edir?
– Bilirsiniz, bizim iki təlim-məşq meydançamız var. Əlbəttə ki, Tovuzda oynayanda çətin idi. Bütün həftəni təbii örtüklüdə məşq edib süni meydançalarda oynayırdıq. Bu da bizə məüyyən mənada mənfi təsir edirdi.
– Növbəti oyununuzu “Araz-Naxçıvan”a qarşı keçirəcəksiniz. Hansı ki, bu rəqib həftəiçi kubokda oynayacaq və yorğunluq olacaq. Bu, sizə üstünlük yarada bilər?
– Onlar yaxşı komandadırlar. İki yaxşı heyətə malikdirlər. Düşünürəm ki, rotasiya ilə bağlı çox əziyyət çəkməyəcəklər. Amma istənilən halda qələbə haqqında düşünürük.
ABBAS