Azərbaycanın yeniyetmə sablyaçıları Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən “Riposta Cup” turnirində çıxışını başa vurub.

Futbolinfo.az xəbər verir ki, oğlan sablyaçıların şəxsi yarışında ən yaxşı göstərici 150-dən çox iştirakçı arasında 11-ci olan Nahid Məmmədliyə məxsusdur.

Timur Husnaddinov, Abbas Hüseynov və Rəsul Əliyev isə ümumi sralamada ilk 50-likdə yer almağı bacarıb.

Qız sablyaçıların şəxsi yarışında 140 iştirakçı arasında iki qılıncoynadanımız ilk 20-likdə yer alıb. Valentina Zeynalova ümumi sıralamada 16, Züleyxa Sultanlı isə 19-cu olub.

Yeniyetmə qız sablyaçıların komanda yarışında Valentina Zeynalova, Leyla Əhmədova,Fərəh Abasova və Züleyxa Sultanlıdan ibarət yığmamız ilk görüşündə Bolqarıstanı təmsil edən seçmə kollektivi 45:18 hesabı ilə məğlub edib. Növbəti görüşdə Rumıniya yığmasına 45:32 hesabı ilə qalib gələn yeniyetmə qız sablyaçılarımız finala yüksəlmək uğrunda keçirilən görüşdə Böyük Britaniya komandasına 28:45 hesabı ilə uduzub.

Rəsul Əliyev, Abbas Hüseynov,Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət sablya üzrə yeniyetmə oğlan sablyaçılarımız ümumi sıralamada beşinci olub.

İlk görüşündə Bolqarıstan yığmasına 45:39 hesabı ilə qalib gələn komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Rumıniya millisinə 44:45 hesabı ilə uduzub.

Shares: