“Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyevin futbolinfo.az saytına müsahibəsi
– Çempionatın ikinci yarısına məğlubiyyətlə başlasanız da, son turda “Səbail” üzərində vacib qələbə qazandınız. Ümumilikdə iki oyunla bağlı fikirləriniz necədir?
– Fasilədən sonra ilk oyun həmişə ağır olur. Biz də “Kəpəz”lə görüşün çətin keçəcəyini bilirdik. Əslində, görüş bizim üçün yaxşı başlamışdı, hesabda öndə idik. Amma azlıqda qalmağımız oyunumuza mənfi təsir göstərdi. Qırmızı vərəqədən sonra müdafiədə oynamağa məcbur olduq. Çünki 10 nəfərlə 80 dəqiqə ərzində rəqiblə başabaş mübarizə aparmaq asan deyil. Çalışdıq ki, “Kəpəz”lə matçı unudaq və səhvlərimizi növbəti görüşdə təkrarlamayaq. “Səbail”i yaxşı təhlil etmişdik. Rəqibin boşluqlarını bilirdik, baş məşqçimiz bunları bizə göstərmişdi. Allaha şükürlər olsun, bu görüşdən 3 xalla ayrıldıq.
– “Səbail”i ilk 2 dövrədə məğlub edə bilməmişdiniz, axır ki, tilsimi qırdınız. Bunu nəyin hesabına bacardınız?
– Yadımdadır, “Səbail”lə cari mövsümdəki ilk oyunda evdə məğlub olmuşduq. İkinci dövrədə səfərdə keçirdiyimiz matçda hesabda önə keçmişdik. Amma üstünlüyümüzü qoruya bilmədiyimiz üçün yenə uduzmuşduq. Biz çempionatda hər komandadan xal və ya xallar almağa çalışırıq. “Səbail”ə qalib gələ bilmədiyimizi, budəfəki görüşün də ağır keçəcəyini bilirdik. Çalışdıq rəqibin boşluqlarından maksimum istifadə edək. Düşünürəm ki, bizdə mübarizə, qələbə istəyi daha çox olduğu üçün qalib gəldik.
– “Səbail”lə oyunun 78-ci dəqiqəsində əvəzlənməyiniz nə ilə bağlı idi?
– Əvəzlənməyim yorğunluqla bağlı oldu. Zədə ilə bağlı deyildi. Zədəmi tam sağaltmışam. Baş məşqçimiz yorulduğumu görüb məni dəyişdi.
– Növbəti turda sizi “Sabah”la səfər qarşılaşması gözləyir. Bu görüşdən hansı nəticəyə ümid edirsiz?
– “Sabah” keçən il çempionatın ən iddialı komandalarından idi. Bu mövsüm heyətində dəyişikliklər baş verdi, komandadan gedən oyunçular oldu. Amma yenə də “Sabah”ın geniş heyəti, yaxşı futbolçuları var. Bizi maraqlı və ağır oyun gözləyir. “Səbail” üzərindəki qələbə motivasiyamızı artırıb. “Sabah”la matça ciddi hazırlaşıb, rəqibi düzgün analiz edib, boşluqlarından yararlanaraq yaxşı nəticə qazanmağa çalışacağıq.
– Qış transfer dövründə Sərtan Taşkın və Martin Petkov komandadan ayrıldı, əvəzində Aleks Souza, İsmayıl Zülfüqarlı və Fərid Yusifli “Turan Tovuz”a cəlb olundu. Sizcə, bu dəyişikliklərdən sonra gücləndiniz, yoxsa zəiflədiniz?
– Futbol elədir ki, hər transfer dövründə komandadan gedənlər də olur, gələnlər də. Gedənlərə ilk növbədə uğurlar arzulayıram. Komandanın qələbə, uğur qazanması üçün əllərindən gələni etdilər. Onların yerinə yeni futbolçular gəlib. Hər üçü gəncdir, istəklidirlər və komandaya xeyir verməyə çalışırlar. Düşünürəm ki, gedənlər necə xeyir verirdilərsə, yeni transferlərimiz də bizə faydalı olacaqlar. Əzmkar, istəkli olduqlarını məşqlərdə də, oyunlarda da görürük.
– Çempionatın ikinci yarısında “Turan Tovuz”un əsas hədəfi nədir? Avrokuboklara vəsiqə qazanmaq şansınızı real görürsünüz?
– Rəhbərlik qarşımıza Avropa Liqasına getmək məqsədi qoymayıb. Komanda yüksək dəstəyə qayıtdıqdan sonra ikinci ildir ki, Premyer Liqada çıxış edir. Yaxşı nəticələr qazanmağa, bütün rəqiblərimizə başağrısı olmağa çalışırıq. Bu il çempionatda daha güclü rəqabət var. İddialı yerlər uğrunda mübarizədə çox komanda iştirak edir. Rəqiblər arasındakı xal fərqi azdır, hamı bir-birini büdrədə bilir. Biz də çalışırıq ki, hər oyunda xal və ya xallar qazanaq.
ABBAS