“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– Ölkə çempionatının XX turunda “Səbail” üzərində vacib qələbə (3:1) qazandınız. Cari mövsümün əvvəlki görüşlərində “dənizçilər”ə qalib gələ bilməməyiniz budəfəki matçdan öncə üzərinizdə əlavə təzyiq yaratmışdı?

– “Səbail” yaxşı rəqibdir, onlarla oyunlarımız həmişə gərgin keçir. Keçən mövsümdə də belə idi. Düzdür, bu mövsümün ilk 2 görüşündə uduzmuşduq. Tovuzda “Səbail”ə məğlub olduğumuz qarşılaşma keçirdiyimiz ən zəif oyunlardan idi. Amma Bakıdakı matçda rəqibdən üstün təsir bağışlamışdıq, qol vurub hesabda önə də keçmişdik. Di gəl ki, qələbəni əldən vermişdik. Budəfəki görüşə gəlincə, əvvəla onu deyim ki, çempionatın ikinci yarısına qalibiyyətlə başlamaq istəyirdik. Bu, “Kəpəz”lə oyunda alınmadı. “Səbail”lə matça futbolçularımın yaxşı köklənməyi, oyunda 3 xal qazanmağımız vacib idi. Qalib gəlməsəydik, turnir cədvəlində çətin duruma düşə bilərdik. Çünki yuxarı pillələrdəki komandalardan qopacaqdıq, əvəzində bizdən aşağı pillələrdə olanlar yaxınlaşacaqdı, bu da üzərimizdə əlavə təzyiq yaradacaqdı. Şükürlər olsun, futbolçularım oyunun mahiyyətini ilk saniyədən dərk etdilər və komanda istədiyimiz məzmunlu oyunu göstərdi. Bunun sayəsində vacib qələbə qazandıq.

– Çempionatın ikinci yarısında artıq 2 matç keçirmisiz. Komandanızın göstərdiyi oyun sizi tam qane edir? Yoxsa fasilədən sonra əsl oyununuzu göstərmək üçün bir qədər də vaxt lazım olduğunu düşünürsünüz?

– Oyunumuz məni tam qane edə bilməz. Əlbəttə, bir qədər vaxt lazımdır. Amma futbolçularda yaxşıya doğru fərq hiss olunur. Düzdür, səhvlərimiz də var. Uzun müddət bir yerdə oynadıqca futbolçular bir-birlərini daha yaxşı başa düşəcəklər. Komanda hələ tam istədiyimiz formada deyil. Stabil oyunu yaxalayandan sonra razı qala bilərik.

– Sərtan Taşkın və Martin Petkovun gedişi işinizi çətinləşdirmədi? Petkov mövsümə yaxşı başlasa da, sonra oyununda eniş yaşandı. Bu, nə ilə bağlı idi?

– Sərtan özü müraciət etdi və getmək istədiyini bildirdi. Vaxtımız az idi. Onun yerini doldurmaq üçün “Neftçi”dən İsmayıl Zülfüqarlını icarəyə götürdük. Petkov perspektivli, gənc futbolçu idi. Ona çox ümidli idik. Həqiqətən də çempionata yaxşı başlamışdı. “Araz-Naxçıvan” və “Kəpəz”lə oyunlarda komandaya xallar qazandırdı. Bunları unutmaq olmaz. Amma alınmadı, şəxsi səbəbləri oldu. Uyğunlaşa bilmədi, ölkəsindən kənarda qalmağı ona çətinlik yaradırdı. Biz də bunu başa düşdük. Bir futbolçudan maksimumu ala bilmiriksə, deməli, yekun qərara gəlməlisən. Danışdıq, razılaşdıq.

– Komandaya yeni gələn futbolçuların hazırkı formasından razısınız? Yayda İsmayıl Zülfüqarlı və Fərid Yusiflinin icarə müddətini uzatmağı planlaşdırırsınız?

– İsmayıl mütəmadi oynayır, potensiallı futbolçudur. Komandaya tez uyğunlaşdı. Onun maksimumunu bilirəm. Daha yaxşı çıxış edəcəyinə inanıram. Eyni sözləri Fəridə də şamil edirəm. Digər transferimiz Aleks Souzanın da böyük potensialı var, üstəlik gəncdir. Ona da ümidlərimiz böyükdür. Amma bir qədər vaxt lazımdır, tam formada deyil. Komanda ilə təlim-məşq toplanışı keçməyib. Oyundan-oyuna o da inkişaf edəcək. Əlbəttə, İsmayıl və Fəridin icarə müqaviləsinin müddətini uzatmaq istərdik. Aramızda belə bir razılaşma var ki, əgər bu futbolçular “Neftçi”yə lazım olmasalar, bizdə qalacaqlar. Bu, “Neftçi”dən asılı olacaq. Belə perspektivli futbolçuların komandamızda qalmasını çox istərdik.

– Azərbaycanda qış “transfer pəncərəsi” fevralın 8-də bağlanacaq. Ona qədər heyətə daha bir yeni futbolçunun cəlb edilməsi mümkündür?

– Mümkündür, axtarışlarımız davam edir. “Transfer pəncərəsi” bağlanandan sonra azad agent statusu daşıyan futbolçular tapa bilərik. Baxacağıq, 3-4 aylıq transferlər etməyəcəyik. Gələn mövsüm də oynada biləcəyimiz, bizi qane edəcək futbolçular qarşımıza çıxarsa, onları heyətimizə qatacağıq. Alına da bilər, alınmaya da. Axtarışdayıq.

– Növbəti turda “Sabah”ın qonağı olacaqsınız. Rəqib fasilədən sonra çempionatda keçirdiyi 2 oyundan 4 xalla ayrılsa da, ölkə kubokunda “Qarabağ”a 1:7 hesabı ilə uduzdu…

– Kubok matçında “Qarabağ”a böyük hesabla uduzmasına və çempionatda ön sıralarda olmamasına baxmayaraq, “Sabah” Premyer Liqamızın ən yaxşı komandalarındandır. Güclü futbolçuları var. Son turda “Zirə”ni 10 nəfərlə məğlub etdilər, bunu bacarmaq asan iş deyil. Bizi çətin oyun gözləyir. Səfərdə oynamağımıza baxmayaraq, biz də xal qazanmaq istəyirik. Maraqlı oyun olacaq. İnşallah, sevinən tərəf “Turan Tovuz” olar.

CAVAD

Shares: