“Kocaelispor”dan heç bir təklif almamışam”. Bunu futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov deyib.
Gənc oyunçu Türkiyənin “Kocaelispor” klubundan təklfi aldığına dair xəbərlərə münasibət bildirib: “Menecerimin də bu haqda məlumatı yoxdur. Amma bu söhbət ortaya çıxıbsa, yəqin ki, nəsə var və təklif gələ bilər. Başqa təkliflər almışam. 1-2 komanda məni heyətində görmək istəyir, tamam başqa ölkələrin klublarıdır. Hələ ki, danışıqlar gedir. Həmin klublar hazırda oynadığım Bolqarıstanın “Arda” klubu ilə də, mənimlə də əlaqəyə keçiblər. Ad demək istəmirəm. Alınsa yaxşı olar, alınmasa da, yaya qədər burda qalacam”.
Hüseynov “Arda”da hər şeyin ürəyincə olduğunu da sözlərinə əlavə edib: “Təlim-məşq toplanışındayıq. Antalyada hazırlıq keçirik. Hər şey qaydasındadır. 6 aydır ki, burda oynayıram və istər-istəməz maraq yaranır. Düşünürəm ki, yaya qədər oynasam, daha yaxşı şeylər ola bilər. Köklənmişəm ki, oynayım, komandama xeyir verim”.