Azərbaycan Kuboku uğrunda mübarizədə 1/4 final mərhələsinin ilk oyunları yekunlaşdı. Cütlərin heç birində meydan sahibləri qalib gəlmədi, yalnız “Araz-Naxçıvan” heç-heçəyə nail oldu. Amma bu komandanın rəqibinin autsayder “Qəbələ” olduğunu, matçın xeyli hissəsini azlıqda oynadığını nəzərə alsaq, bu nəticəyə də sevinməyə dəyməz.

Konkret dünənki oyunlara gəlincə, “Sumqayıt” oyunu meydana çıxmamış uduzmuşdu. Baş məşqçi Samir Abasovun son turdan sonra kuboku qurban verməli olacaqları ilə bağlı açıqlamasının futbolçulara başqa cür təsir etməsi mümkünsüz idi. Matçı ciddiyə almağın gərək olmadığını düşünən futbolçuların hələ ilk yarıda 3 top buraxmasının əsas səbəbi məhz bu idi. “Neftçi”nin o qədər də parlaq çıxış etmədiyi matçda çox asanlıqla üstünlük əldə etməsi Abasovun heyətdə niyyətinə uyğun rotasiyaya əl atmasının rolu az olmadı.

Sumqayıtdakı matçda ikinci hissə meydan sahiblərinin üstünlüyü ilə keçdi. “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç tez arxayınlaşıb bəzi əsas oyunçuları meydandan aldığı bir vaxtda Samir bəy əks addım atdı. Və bir anda üstünlük “kimyaçılar”ın tərəfinə keçdi. “Sumqayıt” eyni qapıya iki dəfə yol tapdı, daha çox zaman qalsaydı, əla geridönüş də izləyə bilərdik. Abasov matçdan öncə, Bojoviç oyun zamanı etdiyi səhvlərin acısını çəkdi.

“Neftçi” yəqin ki, cavab oyununda lazım olanı edib yarımfinala adlayacaq. Həm də ona görə ki, Bojoviç təyinatı zamanı kubokun əsas hədəf olduğunu bildirib. Dünənki matç yəqin ki, ona dərs oldu və növbəti sürprizlərə imkan verməyəcək.

Bakılıların baş məşqçisi qısa zamanda ciddi dəyişikliklərə nail olmayıb. Amma onun bir qərarını alqışlamağa dəyər. Bojoviç dünən qol və məhsuldar ötürmə ilə yadda qalan Yeqor Boqomolskini komandaya qazandırmaq üçün hər şey edir. Əvvəlki məşqçilərin görməzdən gəldiyi belaruslu yüzminlər qazanıb komandaya fayda verməyən hücumçulardan daha effektli olduğunu göstərməyə çalışır. Düzdür, ondan bombardir olmağı gözləməyə dəyməz, lakin Aaron Olenare, Lukas Melano kimi futbolçulardansa, azödənişli Yeqor daha yaxşıdır.

Mərhələnin heç-heçə başa çatan digər oyununa gəlincə, “Araz-Naxçıvan” qələbəyə daha yaxın idi. Hesabı açan “Qəbələ”yə vaxtında cavab verən meydan sahibləri bir neçə dəfə üstünlük qazanmaq fürsətini əldən verdi. Amma qonaqların tirdən dönən zərbəsini, boş qapıdan çıxarılan topu da unutmamalıyıq. Hətta “Qəbələ”nin azlıqda qaldıqdan sonra arxayınlaşan və böyük qüvvə ilə irəli atılan naxçıvanlıları məyus etmək üçün bir neçə şansı oldu.

Bəlkə də Turan Manafov təyin olunan penaltini boşa verib hesabı daha tez bərabərləşdirmək şansını əldən qaçırmasaydı, hər şey daha yaxşı olardı. Lakin onun səhvini 11 metrlik nöqtəyə yaxınlaşarkən topu əlindən aldığı Elvis Maşike vaxtında düzəltdi. Turan da günahını boş qapıya gedən topun qarşısını almaqla yudu.

“Qarabağ” tərəfindən darmadağın olunan “Sabah”ı çıxmaq şərtilə, bütün komandaların cavab görüşlərində mərhələ adlamaq şansı var. Amma yəqin ki, ən amansız mübarizəni məhz Qəbələdə izləyəcəyik.

AĞA

Shares: