“Qəbələ”yə qarşı hər hansı hakim səhvi yox idi. Baş məşqçi Elmar Baxşıyevin zarıması bəhanə axtarmaqdan başqa bir şey deyil. “Araz-Naxçıvan”la dünənki kubok oyununda ədalət təmsilçiləri normal idarəçiliklə yadda qaldılar.
Hətta hakimlər “Qəbələ”yə qarşı aşkar səhv etsəydi, qərəzli qərar versəydi, yenə eyni cümlələrdən istifadə edəcəkdik. Çünki bölgə klubunun rəhbərliyi, məşqçiləri bunu haqq edib. Axına qarşı üzənlər indi bunun əzabını çəkməlidir.
Misli Premyer Liqasının 19-cu turunun “Qəbələ” – “Sumqayıt” matçında hakimlər meydan sahiblərinin haqqını yemişdi. Qonaqların 1:0 hesablı qələbəsi şübhəli penaltidən sonra rəsmiləşmişdi. Futbol ictimaiyyəti, jurnalstlər qəbələlilərin müdafiəsinə qalxarkən, haqsızlığa etiraz edərkən Baxşıyev hakimlərin səhv etmədiyini, günahı özlərində axtarmalı olduqlarını dedi. Ardınca klub prezidenti Fariz Nəcəfov da eyni cümlələri təkrarladı. Beləcə onların müdafiəsinə qalxan insanlara AFFA rəhbərliyinə xoş gəlsinlər deyə xəyanət etdilər.
Üstündən cəmi 8 gün keçib və dünən “Araz-Naxçıvan”la matçdan sonra Baxşıyev hakimlikdən şikayətlənir: “Əfsuslar olsun ki, son oyunlar tendensiya yaranıb ki, hər şey “Qəbələ”yə qarşı olur. Son matçlardakı qırmızı vərəqələr, qapımıza verilən penaltilər… Bizdən başqa hamı danışır. Amma hələ ki, susmuşuq, artıq mən də danışmalıyam. Görürük ki, meydanda bizə fərqli baxırlar. Rəqibə qarşı yüngül, bizə qarşı sərtdilər. Epizodlar göstərə bilərik ki, hakim fərqli qərarlar verib. İstədiyimiz odur ki, bizə qarşı da ədalətli qərarlar versinlər. Klub səviyyəsində etiraz etməmişik. Amma bu gün o etirazı edirəm. Bizi belə məhv etməsinlər. Biz də 11 nəfərlə oynamaq istəyirik. Hakim qərarlarının bizə qarşı düzəlməsini istəyirik. Bura gələndən qarşımda yüksək büdcə olmayıb. Az büdcə ilə burada çalışmışam. Davam edirəm. Qarşıdakı oyunumuz “Zirə”yə qarşıdır. “Neftçi” ilə matçda 4 futbolçumuzu sarı vərəqə ilə cəzalandırdılar. Mən nə düşünməliyəm? Ümid edirəm ki, hakimlər sarı vərəqələrdə başqa prizmadan yanaşmayıblar. Bizim oyunçuları rahat şəkildə cəzalandırırlar. Ağlıma pis fikirlərin gəlməsini istəmirəm. Amma hakimlərin qərarlarına etiraz edirəm”.
Elmar nəinki özünə qarşı çıxır, hətta klub prezidenti Fariz Nəcəfovu da yalançı çıxarır. Hakimlikdən narazı olmayanlar indi epizod axtarır, səhv tapmağa çalışır. AFFA-ya yarınmaq, hakimləri tərifləmək işə yaramadı?
“Qəbələ” bu mövsüm 11 (!!!) qırmızı vərəqə alıb, onlardan biri kubok oyununa təsadüf edib. 20 çempionat matçında 10 “qırmızı” faktiki iki oyundan bir kiminsə qovulması deməkdir. Düşünmək olar ki, dünənədək fiziki hazırlıq üzrə məşqçsi olmayan “Qəbələ”nin futbolçuları bunun acısını çəkir, yorulurlar, epizodlarda çatdırmırlar və kobudluq edirlər. Amma yox, bu vərəqələrin az qala yarısı məşqçilərin hesabındadır. Elmar Baxşıyev də, bütün köməkçləri də hansısa matçda qırmızı vərəqə görüb. Hətta matçdan sonra etiraz edib cəzalı duruma düşən də var. Deməli, problem təkcə fiziki hazırlıqda deyil, klubdaxili psixoloji durum da yerində deyil.
Məşqçilər meydanda mübarizə aparmadığından onların qovulmasının səbəb məlumdur. Bu adamlar hakim qərarlarına etiraz etdiyi üçün cəzalanıb. Deməli, “Qəbələ”yə qarşı qərəzli qərarlar var imiş, buna etiraz edib cəzalanırmışlar. Lakin Baxşıyevin mətbuat konfransında hakimlərə haqq qazandırması belə təəssürat yaradır ki, bu adamlar heç nədən qırmızı vərəqə alırmışlar, psixoloji problemləri var.
Ona görə də Elmarı ciddiyə almağa dəyməz, adamın beyni yerində deyil, hər həftə fərqli fikir söyləyir, onu ciddiyə almağa dəyməz. “Qəbələ”yə nə edirlərsə, azdır, onları döyənə tərif deyirlərsə, şapalaqlanmaq haqlarıdır. Yalançının evi yandı, heç kim inanmadı…
VÜSAL MAHMUDOV