Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” klubu TFF I Liqasının 21-ci turunda “Adanaspor”la keçiriləcək oyuna hazırlaşır.

Futbolinfo.az saytı xəbər verir ki, Kocaeli təmsilçisinin baş məşqçisi Ərtuğrul Sağlam matçdan əvvəl media nümayəndləri önünə çıxıb.

Təcrübəli mütəxəssis autsayderlər qrupunda qərarlaşan rəqiblə görüşə qələbə üçün çıxacaqlarını bildirib. Sağlam yeni transferlərin son durumu barədə də məlumat verib: “Yeni gələn futbolçuların kollektivə uyğunlaşmalarına çalışırıq. Ramil Şeydayev artıq oynamağa başladı. O, “Altay”la görüşdə start heyətində meydana çıxdı. Duhan Aksunun fiziki durumu qaydasına düşməkdədir. Daha bir transferimiz cümə gününə qədər bizimlə olmalıdır. Ondan sonra tam heyətlə Superliqaya vəsiqə uğrunda mübarizəni davam etdirəcəyik. Artıq xal itkisi limitimiz yoxdur”.

Qeyd edək ki, “Kocaelispor” – “Adanaspor” oyunu fevralın 3-də keçiriləcək.

Shares: