“Səbail”də baş məşqçi Şahin Diniyevin köməkçilərindən olan Sebahattin Tekin Türkiyə mətbuatına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycanda futbolun inkişaf etdiyini bildirib: “Səbail”lə uğurlu mövsüm keçiririk. Rəhbərlik, məşqçi korpusu, klub işçiləri, futbolçular çox istiqanlı, keyfiyyətli insanlardır. Rəhbərliyimiz klubda peşəkar ailə mühiti formalaşdırıb. Türkiyə ilə müqayisədə Azərbaycanda daha rahatam. Qardaş Azərbaycanın futbol ölkəsi olma yolunda irəlilədiyini və daha da inkişaf edəcəyini düşünürəm”.
O, Azərbaycan futboluna digər ölkələr tərəfindən maraq olduğunu bildirib: “Bir çox futbolçu ölkəsini Türkiyədə və başqa ölkələrdə təmsil edir. Milli komandalarının əksər oyunçuları legioner həyatı yaşayır. 10 il əvvəl vəziyyət belə deyildi. Futbolçuları ilə yanaşı, məşqçiləri də inkişaf edir. Məsələn, Şahin Diniyevlə birgə çalışmaq çox maraqlıdır. Futbolçuları yaxşı motivasiya edir, onları psixoloji cəhətdən düzgün hazırlayır. Beynəlxalq təcrübəyə malikdir və oyunçu seçimində çox bacarıqlıdır. O, ölkə xaricində rahatlıqla çalışacaq mütəxəssisdir”.
Sebahattin Tekin Azərbaycan və Türkiyə futbolu arasında fərqlərin olduğunu etiraf edib: “Əsas fərq Türkiyədə komanda və futbolçu sayının çoxluğu, büdcə ilə bağlı şansdır. Sponsorlar da Azərbaycanda klubları dəstəkləyirlər. Azərbaycanlı futbolçularla bağlı məndən məsləhət alanlar olur. Onlara öz tövsiyələrimi verirəm”.
50 yaşlı məşqçi gələcək planları barədə də danışıb: “Hazırda klubumdan razıyam. Mövsümün sonuna qədər müqaviləm var. Karyeramla bağlı planım var, amma addım-addım irəliləyirəm. Bizim peşəmizdə bəxt amili yoxdur. Şanslara hazır olmalısan. İstər ölkə daxilində, istərsə də xaricdə ola bilərik. İnkişafım üçün dünya futbolundakı prosesləri də izləyirəm”.