Tezliklə daha bir neçə şəxs ciddi cəza alacaq. Oyunların nəticəsini manipulyasiya etməkdə şübhəli bilinən futbolçuların günahı artıq sübuta yetirilib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa klublarının üzvlərindən Mirhüseyn Seyidovla Nizami Hacşıyevin də tora düşdüyü bir neçə “əməliyyat”da I Divizionda çıxış edən onlarla futbolçu ömürlük diskvalifikasya edilib. Onların matçların nəticələrinə saxtalaşdırmaqda əli olduğu sübuta yetirilib və qərar verilib. Bu proses bir neçə dəfə təkrarlanıb, say artıb.

Lakin bütün bunlar dərs olmayıb. İndi bəlli olur ki, I Liqa klublarında yenə eyni əməllərə qol qoyanlar var. UEFA-dan gələn siqnal əsasında AFFA-nın hüquq-mühafizə orqanlarına yönəltdiyi materiallar nəticəsini verib. Əldə etdiyimiz məlumatlara görə, azı 3 nəfərin günahı sübut olunub və adlar tezliklə açıqlanacaq. Yubanmanın səbəbi əlbir olan digər şəxslərlə bağlı materialların toplanmasıdır.

Hazırda danışılmış oyunlarda iştirakda şübhəli bilinən futbolçular “İrəvan”, “Zaqatala” və “Karvan”da çıxış edir. Bu klubların hərəsindən bir nəfərin əməlləri ifşa olunub. Lakin liqanın daha bir neçə klubunda şübhəlilər var. Onların hamısının günahı faktlarla sübut olunduqdan sonra AFFA bu barədə açıqlama verəcək. Hələlik həmin oyunçuların nə özü, nə də klubları məsələdən xəbərdar edilməyib.

Shares: