“Onunla bağlı məsələni hamınız bilirsiz. Buna görə də əsas komandadan kənarlaşdırmışıq” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.
Çalışdırıcı komanda yoldaşı ilə dava edərək cəzalanan futbolçusu Budaq Nəsirovun komandadan göndərilməsi ilə bağlı danışıb: “Komanda yoldaşı ilə dava edib. Hadisə əvəzedici heyətdə baş verib. Nəticədə biz də onu əsas komandadan uzaqlaşdırmağa qərar verdik. Komandadan tamamilə göndərilməsi ilə bağlı isə yaxın 1-2 gün ərzində fikrimizi tam qətiləşdirəcəyik. Özünün də təklifləri var. I Liqa komandalarından bəziləri onu heyətində görmək istəyir. Ola bilər ki, başqa kluba keçsin”.
Qeyd edək ki, “Turan Tovuz”un üzvü Budaq Nəsirov əvəzedicilərin çempionatında “Səbail-2”yə qarşı keçirdikləri qarşılaşmada komanda yoldaşı ilə dava etdiyi üçün AFFA tərəfindən cəzalandırılıb.