Murad Muayev uğursuz gedişə dözmədi. “Sabah”a böyük ümidlərlə gələn, ötən mövsüm “Qarabağ”la əla rəqabət yaradaraq gümüş medala sahib çıxan rusiyalı istefa verdi.

Cari çempionatdakı nəticələr ürəkaçan deyil. Musayev iddianın davamını gətirməyi bacarmadı. Heyətdəki itkilər, aparıcı futbolçuların satılması bunda müəyyən rol oynadı. Düzdür, yeni futbolçular da gətirildi, lakin parlaq futbol oynayan ötən mövsümkü “Sabah”ı hələ də görə bilmirik.

Musayev yayda avrokubokdakı uğursuzluğu heç cür həzm edə bilmədi. “Partizan” üzərində ev qələbəsini ümumi uğura çevirməyi bacarmayan Musayev, elə o vaxtdan sanki komandadan küsdü, bəlkə də səhvləri özünə bağışlaya bilmədi və psixoloji durumunu pisləşdirdi.

Təbii ki, başqa səbəblər də olub. Nəticə isə birdir – komanda uğursuzluq zolağından çıxa bilmədi və Murad bəy istefa ərizəsini yazdı. Düzdür, çempionatda vəziyyət acınacaqlı deyil, komanda iki ardıcıl qələbə ilə hətta liderlər qrupuna da yüksələ bilər. Di gəl ki, ölkə kubokunda “Qarabağ”a 1:7 hesablı məğlubiyyət həlledici oldu, Musayev getməyi lazım bildi.

Musayev qalması üçün milyonların xərclənməsi gərəkən biri deyildi. Onun bacarıqlarını şişirtmək, hətta milli komandamızı həvalə etmək niyyətinə düşməcək qədər sadəlövh olmaq lazım deyil. Komanda uğursuzdursa, cavabdeh baş məşqçidir və fakt komandanın sabitliyə nail ola bilməməsi, ötən mövsümkü uğuru təkrarlamamasıdır.

Lakin Murad bəyi Nikola Yurçeviç, Canni de Byazi, Bernard Lippert kim pul düşkünləri ilə də bir tutmaq olmaz. O, “Sabah”a xeyir vermədiyini görən kimi daha pis nəticələrə səbəbkar olmamaq üçün istefa ərizəsini yazdı, kreslodan yapışıb müqaviləsinin sonunadək işləmək istəmədi, Azərbaycanda yalnız pul üçün işləmədiyini sübut etdi.

Musayevin gedişinin səbəbkarı klub rəhbərliyi deyil. Əks halda, ona yeni müqavilə təklif edilməzdi. Nəticələrin yaxşı olmamasına rəğmən, Murad bəydən anlaşmanın müddətini uzatması istənilmişdi. Amma o, öncə vəziyyəti düzəltmək, daha sonra 2,5 illik yeni müqaviləyə imza atmaq istəyirdi. Alınmadığını gördü, “Sabah”ın himayədarlarının comərd təklifindən imtina etdi.

Musayev istefa qərarını dünən rəhbərliyə bildirib, onu fikrindən daşındırmaq üçün xeyli səy göstərilib. Gediş o qədər ani olub ki, hətta komandanı məşqə kimin çıxaracağı, növbəti matçda kimin onu əvəz edəcəyi də bəlli deyil. Köməkçilər gedib, rəhbərlik isə ehtiyat varianat haqda belə düşünməyib. Yəqin ki, bu missiya yenə İqor Ponomaryova tapşırılacaq. Sonrasının neçə olacağını isə zaman göstərəcək.

Dəqiq olan Muradın muradına çatmadığıdır. İşgüzarlığı ilə sevilən, emosionallığına görə qınanan Musayev hələlik “Sabah”ın gördüyü ən yaxşı baş məşqçidir. Klub böyümək istəyirsə, rusiyalının xələfini daha diqqətlə seçməlidir.

ABBAS

Shares: