“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun idi, səfərdə oynayırdıq, rəqibin durumu bəlli idi. Baş məşqçinin gedişindən sonra futbolçular daha aqressiv olur. Bu da görünürdü. İlk dəqiqələrdə yaxşı başladıq, istədiyimiz qolu da vurduq. Ondan sonra da epizodlar oldu. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə mübarizə getdi, qol epizodları az oldu. Bir az itkilərimiz var idi. Xəstəliklə bağlı bir neçə futbolçu iştirak etmirdi. Bəzilərini xəstə ola-ola risk etdik. Çempionat daha çətin olacaq. Bundan sonra xallar qazanmaq məcburiyyətindəyik. Mübarizə aparacağıq. Bu il klub olaraq qarşımıza başqa məqsədlər qoymuşuq. Bunun üzərində də çalışırıq. Bugünkü “Turan Tovuz” ilk gündəkindən fərqlidir. Gücümüz çatan qədər yuxarı pillələr üçün vuruşacağıq. Bundan əlavə görüləsi işlər var. Nəticədən önəmli faktorlar var ki, biz bu gün klub olmaq üçün bunları yavaş-yavaş düzəldirik”.

Shares: