Müasir dövrdə sağlam həyat tərzini gənc nəslə aşılamaq ən çətin məsələlərdən biridir. Lakin yaşlaşdıqdan sonra problemlərin ortaya çıxması faktının şübhəsiz olması, tədricən yeni nəsildə bədən tərbiyəsinə marağı artırır. Bu marağın daha da çox olması üçün məktəblər vəzifələrini daha yaxşı icra etməlidir.

Bunun üçün isə idman dərslərinə laqeyd yanaşmamalı, onları məsuliyyətlə tədris etmək vacibdir. Təəssüf ki, məktəblərdə bu problem daim olub. İdman dərsləri həmişə tədris sistemində “quyruq” rolunu oynayıb.

Bədən tərbiyəsinin insan orqanizminə faydası mövzusunda kifayət qədər mübahisələr olub. Lakin bu mübahisələrin hamısının yekun nəticəsi idmanın orqanizmə xeyirli olmasının aşkarlığıdır. Məktəbdə idman dərsləri, nəinki parta arxasında uzun müddət əyləşdikdən sonra yorğunluun aradan qaldırılmasına yardım edir, həmçinin onurğa sütununda baş verə biləcək xəstəliklərin profilaktikası rolunu oynayır. Fiziki tərbiyə uşaqların immun sisteminin güclənməsinə şərait yaradır. Bədən tərbiyəsinin insana faydası təkcə sağlamlıq deyil, idmanla məşğulluq həm də uşaqların sosiallaşmasına və onların şəxsiyyətinin formalaşmasına yardım göstərir.

Əlbəttə ki, məktəblərdə idmanla məşğulluğun ideal forması onu kompleks şəkildə həyata keçirməkdir. Bunun üçün hovuzda çimmək, kortda tennis oynamaq , gözəl şəraiti olan idman zalında oyunlar oynamaq, açıq havada müxtəlif növlərlə məşğul olmaqdır. Şəraitin geniş olması hər bir uşağa bəyəndiyini və xoşladığını seçməyə imkan verir.

İdman dərslərində əsas diqqəti oyunlara vermək lazımdır. Çünki oyunlar əməyə və zəhmətə hazırlıq deməkdir. Oyunlarda uşaqların istedadları da ortalığa çıxır. Bu oyunlar həm də uşaqları xoşbəxt edir.

İdman dərslərinin əsas problemlərindən biri də hamının iştirak etməməsidir. Sözsüz ki, azad olunmaq üçün həqiqi tibbi arayışları inkar etmək düzgün deyil. Amma əksər uşaqlar üçün idmanın faydasını sübut etməyə ehtiyac yoxdur. Bu gün Azərbaycanda həftədə 2 saat idman dərsi keçilir. Çox vaxt da bu dərslər dərs gününün sonuncu saatına salınır. Bəzi hallarda uşaqlar evə daha tez getmək üçün bunu fürsət bilərək dərslərdən yayınır. Bu isə uşaqların özlərinə, valideynlərinin də uşaqlarına bilərəkdən vurduqları zərbələrdir. Əqli inkişafın qarşısını almayan heç bir idman məşğuliyyəti ziyanlı deyil. Ən vacib olanı bu məsələdə balansı düzgün müəyyənləşdirməkdir.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: