Hamı oynayır, “Qarabağ” fərqi artırır. İzləyiciləri bir-birini büdrətdikcə ağdamlılar növbəti çempionluğa daha çox yaxınlaşır. Son oyunu bu gün baş tutacaq 21-ci turda da belə oldu.

Bu mövsüm evdə “Qarabağ”ı bir dəfə udmağı bacaran “Səbail” növbəti sensasiyanı bacarmadı. 2024-cü ildəki yeganə xalını hakimlərin sayəsində əldə edən “dənizçilər”, kubok qarşılaşmasının ardınca daha bir ev məğlubiyyəti aldı. Bayıl təmsilçisinin budəfəki yenilgisi hardasa gözlənilən idi. Liderlə matça ciddi heyət itkiləri ilə çıxan komandanın hətta yaxşı müqavimət göstərdiyini demək olar.

Təyin olunan 4 penalti oyunun xüsusi özəlliyi idi. Qonaqlar onlardan birini boşa verincə qol sayı daha az oldu. Son dəqiqələrdə Maksim Medvedevin qırmızı vərəqə alaraq “Qarabağ”ı növbəti dəfə çətin vəziyyətə salması da heç nəyi dəyişmədi və “Səbail” məğlubiyyətlə barışıb 7-ci pilləyə endi.

“Sabah” yenə qələbəyə həsrət qaldı. Murad Musayevin istefasından sonra idman direktoru İqor Ponomaryovun meydana çıxardığı “bayquşlar” xüsusilə ilk hissədə yaxşı oynasa da, bu, 3 xal qazanmağa kifayət etmədi. Yüksəlişdə olan “Turan Tovuz” Masazırda bu mövsüm bir dəfə məğlub etdiyi rəqibini növbəti dəfə büdrətdi. Qonaqlar erkən qola cavabı tez alsa da, qalan dəqiqələrdə qapı torları silkələnmədi. Heç-heçə sayəsində iki pillə irəliləyən “Sabah” kimi, tovuzlular da vəziyyətini yaxşılaşdırdı.

Mehdi Hüseynzadə adına stadiona qayıdış “Sumqayıt” üçün düşərli oldu. Arenanı dolduran azarkeşlərin dəstəyini arxasına alan “kimyaçılar” həftəiçi kubokda məğlub olduğu “Neftçi”yə heç bir şans vermədi. Bakılılar ilk yarıda yarıda buraxdığı toplardan birinin əvəzini son dəqiqələrdə çıxsa da, bu, ikinci pillənin əldən getməsinə əngəl olmadı.

Miodraq Bojoviçin “Neftçi”də heç nəyi dəyişə bilmədiyi göz önündədir. Yayda edilən transferlərin faydasızlığı ona da mane olur. Legioner məşqçi qarşısına qoyulan hədəfə – ölkə kubokunu əldə etməyə nail olmasa, yayda postunu itirməli olacaq. Komandanın sərgilədiyi futbol isə titul qazanmağa ümid vermir. Hətta “Sumqayıt” cavab oyununda bakılıları yenib mübarizədən kənarlaşdırsa, buna təəccüblənməməliyik.

“Zirə”nin qolsuz seriyası 7-də dayansa da, qələbəsizlik yenə davam edir. Əsas heyətinin 5 futbolçusundan müxtəlif səbəblərdən məhrum olan “Qəbələ ilə görüşdə qonaqlar arzusuna çata bilmədi. Meydan sahiblərinin hesabı açdığı epizod isə ötən mövsümü xatırlatdı. O zaman olduğu kimi, Ülvi İsgəndərov yenə rəqib qapıçısını mərkəzdən vurduğu zərbəylə “ovladı”. “Qartallar”ın qapıçıları fərqli olsa da, aiqbəti eynidir.

Hesabı bərabərləşdirmək üçün irəli atılan “Zirə” bunu vaxtında bacardı. Amma autsayderlə görüşdə itirilən iki xal qəsəbə təmsilçisinin liderlərdən bir az da uzaqlaşması, izləyicilərin yaxınlaşması ilə nəticələndi. “Qəbələ”nin böhrandan çıxmaq ümidləri isə hər ötən gün bir az da azalır.

Bu gün “Kəpəz” qalib gələcəyi halda autsayderlər qrupunda vəziyyət dəyişəcək. “Araz-Naxçıvan”ın qələbəsi isə üst sıralarda sıxlıq yaradacaq. O da maraqlıdır ki, turun ilk 4 oyununda meydana çıxan komandaların hamısı qol vurub. Ənənənin Qəbələdə davam etmək ehtimalı böyükdür.

FƏRİD

Shares: