“Sabah”ın niderlandlı yarımmüdafiəçisi Jarl Marqaritanın futbolinfo.az saytına müsahibəsi
- Söhbətə Murad Musayevin “Sabah”dan gedişi ilə başlayaq. Onun rəhbərliyi altında çıxdığınız sonuncu matçda “Qarabağ”a 1:7 hesabı uduzdunuz. Bu hesab sizin üçün daha gözlənilməz oldu, yoxsa Musayevin gedişi?
- Əvvəla onu deyim ki, Murad Musayevin istefasına görə təəssüf edirəm. Belə olmasını istəməzdim. Təbii ki, 1:7 hesablı məğlubiyyəti heç bir futbolçu normal qəbul edə bilməz. Hər ikisi – həm “Qarabağ”a böyükhesablı yenilgi, həm də Musayevin gedişi mənim üçün gözlənilməz və təəssüfləndirici oldu.
- Musayevin gedişindən sonra çempionatda “Turan Tovuz”la matça hazırlaşmaq sizin üçün çətin olmadı?
- Komandanın hər bir üzvü peşəkardır. Bu oyunların bizim üçün nə qədər vacib olduğunu ayrı-ayrılıqda hamı yaxşı dərk edir. Buna görə də “Turan Tovuz”la hazırlıq prosesi çətin olmadı. Amma fərqli keçdiyini deyə bilərəm.
- “Turan Tovuz”la oyunun gedişində hesabda geri düşsəniz də, sonra tarazlığı (1:1) bərpa edə bildiniz. Qazanılan 1 xalı qənaətbəxş sayırsınız?
- Çətin matç oldu. “Turan Tovuz”la əvvəlki görüşlərimiz də asan keçməmişdi. Bu qarşılaşma da istisna olmadı. Oyuna yaxşı başlamadıq. Lakin sonradan toparlana bildik. Bunun da nəticəsində hesabı bərabərləşdirməyi bacardıq. Təəssüf ki, davamını gətirib qələbə qolunu vura bilmədik.
- “Sabah”ın yeni baş məşqçisi hələ müəyyənləşməyib və belə bir vəziyyətdə növbəti turda yenə “Qarabağ”la qarşılaşacaqsınız. Bu vəziyyətdə liderlə oyunda nəyəsə ümid etmək olar?
- Çətin olacaq. Rəqib haqda danışmağa ehtiyac görmürəm, onsuz da hamı “Qarabağ”ın necə komanda olduğunu yaxşı bilir. Sona kimi mübarizə aparmalıyıq.
- “Sabah”a böyük ümidlərlə gətirilmişdiniz. Buvaxtadək Azərbaycanda sərgilədiyiniz oyun sizi qane edir?
- Xeyr, tam qane etmir. Fikrimcə, komandaya daha artığını verə bilərəm və bunun üçün var qüvvəmlə çalışıram. Qarşıdakı oyunlarda özümü daha yaxşı tərəfdən göstərəcəyimə inanıram.
- Cari mövsümün bunaqədərki hissəsində qeydə alınan nəticələr “Sabah”dan gözləntiləri qarşılamır. Yeni gələcək baş məşqçinin adaptasiya prosesi keçəcəyini nəzərə alsaq, işiniz daha da çətinləşə bilər. Komandanız indiki şərtlər altında avrokuboklara vəsiqə uğrunda mübarizədə sevinən tərəflərdən biri ola biləcək?
- Əlbəttə, buna inanıram. Həmişə dediyim kimi, bizim keyfiyyətli futbolçulardan təşkil olunmuş yaxşı komandamız var. “Sabah” avrokuboklara vəsiqə qazanmaq tapşırığının öhdəsindən gəlməyə qadirdir.
- Buraya gələnədək Azərbaycan çempionatı haqda olan düşüncələrinlə gəlib oyunlarda iştirak etdikdən sonrakı fikirlərin üst-üstə düşdümü? Çempionatımızda bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar hansılardır?
- Azərbaycan Premyer Liqası mənim gəldiyim çempionatdan çox fərqlidir. Amma keyfiyyətli liqadır. Hər bir komanda digərinə qalib gələ bilər. Əvvəlki turlarda bunun dəfələrlə şahidi olmuşuq.
FƏRİD