“Turan Tovuz”un müdafiəçisi İsmayıl Zülfüqarlının futbolinfo.az saytına müsahibəsi
– “Sabah”la səfərdə 1:1-lik heç-heçəni sizin üçün yaxşı nəticə saymaq olar?
– Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Matça da istədiyimiz kimi başladıq. Qol vurduq, irəli keçdik, amma etdiyimiz səhv iki xal itirməyimizə səbəb oldu. Fikrimcə, yaxşı mübarizə apardıq, qələbə olmasa da, səfərdən xalla qayıdırıq.
– Mövsümün ikinci yarısında qələbə, məğlubiyyət və heç-heçəniz var…
– Məğlubiyyəti çıxsaq, ikinci yarıya demək olar ki, yaxşı başlamışıq. Amma irəlidə hələ 15 oyun var. Yolumuz uzundur, inşallah, qələbələrlə davam edərik.
– Özünü yeni komandada necə hiss edirsən?
– Hər şey yaxşıdır. Məşqçilər, futbolçular bizi isti qarşıladı. Elə hiss edirəm ki, sanki əvvəllər də birlikdə oynamışıq. Məşqçilər də mənə güvənirlər. Çalışıram ki, onların güvənini boşa çıxarmayım. Komandama maksimum kömək etmək niyyətindəyəm.
– Müqavilə ilə məxsus olduğun “Neftçi”də vəziyyət heç də ürəkaçan deyil…
– Komandanın içindəki atmosferi bilmirəm. “Neftçi” həmişə çempionluğa oynadığı üçün nəticə tələb edilir. İrəlidəki oyunlarda nəyin necə olacağını birlikdə görəcəyik.
– Çempionatdakı rəqibləriniz kubok oyunlarında meydana çıxır, sizə isə dincəlirsiz. Bu, oyunlara təsir edir?
– Düşünürəm ki, hər şey oyunlara hansı səviyyədə hazırlaşmaqdan asılıdır. Düzdür, rəqiblər daha çox oyun keçirirlər və yorğun olurlar, amma bu, bizi arxayınlaşdırmamalıdır. Ciddi hazırlaşmaq və qələbə qazanmaq lazımdır.
– Növbəti turda evdə “Qəbələ” ilə oynayacaqsız. Autsayderlə matçdan 3 xalla ayrıla biləcəksiz?
– Öncədən qələbə qazanacağımızı deyə bilmərəm. Amma meydana qələbə üçün çıxacağıq. Bunun üçün hər şeyi edəcəyik.
AĞA