“Kəpəz” Misli Premyer Liqasında 21-ci turu əla qələbə ilə tamamladı. Bu 3 xal gəncəliləri həm xal itirmiş öndəki komandalara yaxınlaşdırdı, həm də “Qəbələ”dən aralanmaq imkanı verdi. “Qırmızı-qaralar” artıq 5 xal fərqi ilə geridədir.
“Kəpəz”in qələbəsini daha da qiymətə mindirən 5 əsas heyət oyunçusu olmadan uğurun əldə edilməsidir. Elitada qalmağa köklənən komanda hər matça final gözü ilə baxır və hələlik yaxşı nətcə qazanmaq mümkün olur. 2024-cü ildə ardıcıl 4 ev oyunundan artıq üçü geridə qalıb və 6 xal əldə edilib. “Qarabağ”la görüşdə isə hesabı açan “Kəpəz” yalnız son dəqiqələrdə təslim olmuşdu.
Yaxşı statistikadır, növbəti turda “Səbail”i də yenmək mümkün olsa, bir müddət rahat nəfəs almaq olacaq. Hələ komandanın ev oyunlarını Qəbələdə keçirdiyini də unutmamalıyıq. Bu şərtlərdə qazanılan xallar əsl meydan sahibləri ilə qiyabi mübarizədə çox önəmldir.
“Araz-Naxçıvan” isə dünən iki cəbhədə mübarizə aparmaq üçün yetərincə gücünün omadığını göstərdi. Komanda kuboka diqqət yetirən kimi qüvvəsi parçalandı və bəlkə də mövsümdəki ən zəif oyununu keçirdi. “Kəpəz”in qələbəsinə kölgə salmadan naxçıvanlıların bərbad çıxış etdiyini vurğulamalıyıq.
Muxtar Respublika təmsilçisi növbəti matçını da Qəbələdə keçirəcək. Bu dəfə rəqib digər autsayderdir. Amma əsl meydan sahibləri ilə görüş kubok çərçivəsində olacaq. Titulun son sahibini Bakıda yenə bilməyən “Araz-Naxçıvan” indi səfərdə uğura ümid edəcək.
Lakin Azər Bağırovun yetirmələri matça yorğun çıxacaq. Sıx qrafik, rəqibdən bir gün sonra oynamaq azmış kimi, səfər proqramı da bezdiricidir. Komanda Qəbələdə qalıb cəmi 3 gün sonra baş tutacaq matça hazırlaşmaq əvəzinə Bakıya dönüb. Klub rəhbərliyinin qərarının səbəblərini bilmirik, lakin bu yorğunluğun fəsadlarını fevralın 9-da görəcəyik.
“Araz-Naxçıvan”ın çempionatda da işləri çətinə düşüb. İlk dördlükdən uzaq düşən komanda bir anda özünü autsayder mövqeyində görə bilər. “Kəpəz” dünənki qələbə sayəsində xal fərqini 7-yə salmağı bacardı.
FƏRİD