Azərbaycan Premyer Liqasında XXI tur bütün komandaların qol vurması ilə yadda qaldı. 14 qolun vurulduğu turda “Qarabağ” liderliyini bir qədər də möhkəmləndirdi, məğlubiyyətlə üzləşən “Neftçi” isə 2-ci pilləni “Sumqayıt”a təhvil verdi.
Futbolu həndbolla səhv salan “Səbail”
“Qarabağ”ı qəbul edən “Səbail” üst sıralardan uzaqlaşmamaq üçün bu görüşdə mütləq xal və ya xallar qazanmaq istəyirdi. Ancaq həftəiçi kubok matçında “Sabah”ı 7:1 hesabı ilə üstələyən “Qarabağ” da görüşə istəkli çıxmışdı.
7-ci dəqiqədə ev sahiblərinin yeni transferi Ayub Masikanın yaxın küncə zərbəsindən sonra Marko Veşoviç topu boş qapıdan çıxarmasaydı, bəlkə də oyunun yekun hesabı başqa cür olacaqdı. “Qarabağ”ın cavab hücumunda Juninyonun qarşısını kəsmək istəyən “Səbail”in üzvü Anas Najah topa əllə toxundu və referi Cavid Cəlilov VAR-ın müdaxiləsindən sonra 11 metrlik nöqtəni göstərdi. Topa yaxınlaşan Toral Bayramov şansı qaçırmadı. Bu, Toralın mövsümdə 5-ci penaltidən vurduğu 4-cü qol oldu.
İkinci hissənin əvvəlində “Qarabağ” növbəti dəfə penalti vurmaq hüququ qazandı. Marko Veşoviçin sürətli reydindən sonra “Səbail”də bu dəfə Valdemar Almeyda topa əllə toxundu. Ağ nöqtəyə Yassin Benzia yaxınlaşdı və o da qapıçı ilə topu fərqli cinahlara “göndərdi”. Bu, əlcəzairli yarımmüdafiəçinin Premyer Liqanın cari mövsümündə 7-ci qolu oldu.
Az sonra hakim “Qarabağ”a sərt üzünü göstərdi. “Köhlən atlılar”ın kapitanı Maksim Medvedev həm penaltiyə səbəb oldu, həm də qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırıldı. Pedro Nunonun penalti zərbəsini Lunyov dəf etsə də, hakim rusiyalı qolkiperin zərbədən qabaq önə çıxdığını əsas gətirərək, penaltinin yenidən təyin olunmasını istədi. Nuno bu dəfə şansı qaçırmadı.
Meydan sahibləri sonrakı dəqiqələrdə daha çox qüvvə ilə irəli atılmağa və rəqibin say azlığından istifadə etməyə çalışsalar da, buna nail ola bilmədilər. Əvəzində 90+2-ci dəqiqədə “Qarabağ” hakimin oyun ərzində təyin etdiyi 4-cü penaltini yerinə yetirmək hüququ qazandı. Maraqlıdır ki, “Səbail”in qapısına budəfəki penalti də əllə oyuna görə təyin olundu. Hamidu Keytanın ötürməsinin qarşısını Yusif Nəbiyev əllə kəsdi. Ancaq penalti nöqtəsinə yaxınlaşan Toral dubl etmək şansını qeyri-dəqiq zərbə ilə qaçırdı. Meydanı 2:1 hesablı qələbə ilə tərk edən “Qarabağ” həm də cari mövsümdə “Səbail”lə duellərdə 2:1 hesabı ilə önə keçdi.
“Sabah”ın “Turan Tovuz”a qarşı ev sindromu
Kubokda “Qarabağ”a 1:7 hesabı ilə darmadağın olan və Murad Musayevin istefasından sonra baş məşqçisiz qalan “Sabah” “Turan Tovuz”la çempionat görüşünə idman direktoru İqor Ponomaryovun rəhbərliyi altında çıxmışdı. Qonaqlar rəqibin hazırkı durumundan yararlanmaq və qələbə qazanmaq üçün yaxşı fürsət əldə etmişdilər.
Tovuz klubu oyuna fəal başladı və çox keçmədi ki, matçda hesab açıldı. Son vaxtlar əla formada olan Ayxan Quseynovun dəqiq ötürməsindən sonra yeni transfer Aleks Souza topu “Sabah”ın qolkiperi Yusif İmanovun ayaqları arasından qapıya göndərdi.
Düşünmək olardı ki, qonaqlar bu qoldan ilhamlanaraq, hesab arasındakı fərqi artırmaq üçün var qüvvə ilə irəli atılacaqlar. Ancaq buraxılan qol “Sabah”ı həvəsdən salmadı. Hesabı bərabərləşdirmək üçün hücuma keçən meydan sahibləri əvvəlcə Anatoli Nuriyevlə buna yaxın oldular. Lakin onun zərbəsini Aydın Bayramov dəf edə bildi. Hər halda, “Sabah” az sonra istəyinə çatdı. Məhz Nuriyevin cərimə zərbəsindən ötürməsindən sonra Kahim Parris topa toxunaraq, onu qapıdan keçirdi. 38-ci dəqiqədə “Sabah”ın künc zərbəsindən sonra Sofian Çaklanın başla zərbəsinin qarşısını qapı tiri kəsməsəydi, “bayquşlar” fasiləyə hesabda öndə yollanacaqdılar. Həmin dəqiqələrdə üstün oyun nümayiş etdirən “Sabah”ın növbəti təhlükəli hücumunda isə Kristian da Silvanın zərbəsindən sonra Aydın Bayramov yaxın küncü vaxtında bağlaya bildi.
İlk hissə ilə müqayisədə ikinci yarı o qədər də maraqlı keçmədi. Təsadüfi deyil ki, fasilədən sonra qapılar qarşısında real qol vəziyyəti yaşanmadı. Nəticədə “Sabah” ilk dövrədə olduğu kimi, yenə də öz meydanında “Turan Tovuz”a qalib gələ bilmədi.
Tarixi matçda Ninqa şousu
Turun ən maraqla gözlənilən qarşılaşması Sumqayıtda baş tutdu. Yenidənqurmadan sonra istifadəyə verilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda uzun müddətdən sonra ilk dəfə oyun keçirildi. Həftəiçi kubok matçında “Neftçi”yə uduzan Samir Abasovun yetirmələri bu dəfə eyni rəqiblə çempionat görüşündə, özü də yeni arenanın açılış matçında üz-üzə gəldilər.
Stadiona 8100 tamaşaçının toplaşması oyunun gözəlliyini bir qədər də artırdı. Yeri gəlmişkən, bu görüşdə Misli Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alındı. 10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/24 mövsümünün yeni rekordu oldu.
Kasimir Ninqanı matçın qəhrəmanı saymaq olar. “Sumqayıt”ın çadlı hücumçusu artıq 6-cı dəqiqədə hesabı açmağa yaxın olsa da, fürsəti boşa verdi. Buna baxmayaraq, cəmi 2 dəqiqə sonra Ninqa yenidən səhnəyə çıxdı və yenilənmiş stadionda ilk qolun müəllifi kimi tarixə düşdü. Ervin Koffinin qeyri-dəqiq ötürməsindən sonra topu ələ keçirən Manteka bir qədər irəlilədikdən sonra dəqiq ara ötürməsi ilə Ninqanı rəqib qapıçı ilə təkbətək çıxardı. Sonuncu isə dəqiq zərbə ilə gənc Rza Cəfərova şans vermədi.
Fasiləyədək “Sumqayıt” ikinci qolu da vurmağa müvəffəq oldu. Yenə Kasimir ön plana çıxdı. O, Rövlan Muradov və Abu Dossonun iştirakı ilə qurulan hücumun yekununda dəqiq “bilyard zərbəsi” ilə dublunu rəsmiləşdirdi.
Oyunun sonları gərgin məcrada keçdi. Bu da “Neftçi”nin matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə vurduğu qolla bağlı oldu. Belə ki, oyunun qəhrəmanı Ninqa fasiləyə kimi növbəti dəfə hadisələrin mərkəzində yer aldı. Ancaq bu dəfə Yuri Matiasa qarşı kobud oynayaraq, “Sumqayıt”ın qapısına penalti təyin edilməsinə səbəb oldu. Ozobiç bu imkandan lazımınca yararlanınca son saniyələr daha gərgin keçdi. Lakin “Neftçi”nin bundan artığına gücü çatmadı və yenilənmiş stadionda tarixi matç “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə nəticələndi. Beləcə Samir Abasovun komandası bir neçə gün öncə “Neftçi”yə uduzduğu görüşün əvəzini çıxmış oldu. İndi bu komandaları fevralın 9-da ölkə kubokunda cavab görüşü gözləyir.
“Qol orucunu” pozan, qələbəyə həsrət “Zirə”
İlk dövrədə “Qəbələ”yə uduzan (0:1), ikinci dövrədə isə “qırmızı-qaralar”dan güclü olan (1:0) “Zirə” budəfəki dueldən 3 xalla ayrılmaq, beləcə çempionatda son turlarda üzləşdiyi qələbəsizlik seriyasına son qoymaq istəyirdi. Rəşad Sadıqovun komandası liqadakı “qol orucunu” da pozmaq istəyirdi. Oyuna itkilərlə çıxan “Qəbələ” də öz növbəsində meydandan sərfəli nəticə ilə ayrılmağı hədəfləmişdi.
Matçda sükut 14-cü dəqiqədə pozuldu. Rəqibin yanlış ötürməsindən sonra topu ələ keçirən Ülvi İsgəndərov meydanın mərkəz xəttinin yaxınlığından fantastik zərbə ilə “Zirə”ni cəzalandırdı. Yeri gəlmişkən, Ülvi ötən mövsümdə də “Zirə” ilə Qəbələdəki görüşdə bu qolun oxşarına imza atmışdı.
“Soyuq duş”dan tez ayılan qonaqlar cəmi 5 dəqiqə sonra tarazlığa bərpa edə bildilər. Qurulan kombinasiyalı hücumun yekununda Rəhim Sadıxovun dabanla ötürməsindən sonra İlkin Murad topu qapıdan keçirdi və buraxılan qoldakı günahını yumuş oldu.
Sonrakı dəqiqələrdə hər iki tərəf qələbə fərqlənmək istəsə də, matçda 3-cü qol olmadı. Epizodların birində “Zirə”nin futbolçusu Fuad Bayramovun ötürməyəbənzər zərbəsindən sonra top qapı tirinə tuş gəldi. Beləliklə, “qartallar”ın çempionatdakı qələbəsizlik seriyası davam etdi.
“Kəpəz” “Qəbələ”yə yaxınlaşmağa imkan vermədi
Tura Qəbələdə “Kəpəz” və “Araz-Naxçıvan” arasında keçirilən oyunla yekun vuruldu. Gəncə təmsilçisi bu görüşə ciddi itkilərlə çıxmışdı. Yeqor Xvalko, Mate Kvirkvia və Elmir Tağıyev cəzalı olduğu, Georgi Papunaşvili isə naxoşladığı üçün komandalarına kömək edə bilmirdilər.
Bu rəqiblərin ilk dövrədəki mübarizəsində sevinən tərəf “Araz-Naxçıvan” olsa da, ikinci dövrədə “Kəpəz” həmin məğlubiyyətin əvəzini çıxmışdı. Üçüncü dueldə hansı komandanın daha güclü olacağı maraqla gözlənilirdi.
Adil Şükürovun komandası oyuna itkilərlə çıxmasına baxmayaraq, matça istəkli başladı. 18-ci dəqiqədə qurulan sürətli hücumun yekununda Tural Rzayevin ötürməsindən sonra Latir Falın zərbəsini “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram dəf etdi. Ancaq həmin hücumun davamında kornerdən ötürmə yerinə yetirildi və Ehtiram Şahverdiyev cərimə meydançası daxilindən qüvvətli və qarşısıalınmaz zərbə ilə toru silkələdi.
Nominal meydan sahiblərinin hesabdakı üstünlüyü cəmi 9 dəqiqə çəkdi. 28-ci dəqiqədə Turan Manafovun ötürməsindən sonra Orxan Əliyev rəqibin iki futbolçusu ilə mübarizədən qalib ayrılaraq, dəqiq zərbə ilə toru silkələdi. Lakin fasiləyə kimi gəncəlilər yenidən hesabda önə keçməyi bacardılar. Bu dəfə də qol künc zərbəsindən sonra gəldi. Martins Juniorun hava ötürməsindən sonra yenidən Ehtiram səhnəyə çıxdı və dəqiq baş zərbəsi ilə həm özünün, həm də komandasının ikinci qoluna imza atdı.
“Araz-Naxçıvan” ikinci hissəyə məğlubiyyətdən xilas olmaq istəyi ilə başlasa da, buna nail olmadı. Əvəzində 69-cu dəqiqədə “Kəpəz” 3-cü qolu vurdu. Adil Şükürovun 6 dəqiqə öncə meydana buraxdığı Amil Yunanov rəqib qapıçı ilə təkbətək dueldən qalib ayrıldı.
Bu qələbə sayəsində “Kəpəz” 9-cu pillədə bir qədər də möhkəmləndi və sonuncu yerdə qərarlaşan “Qəbələ” ilə arasındakı xal fərqini 5-ə çatdırdı. Bundan əlavə, Gəncə təmsilçisi “Araz-Naxçıvan”la cari mövsümdəki oyunların ümumi nəticəsinə görə 2:1 hesabı ilə önə keçdi.
ABBAS