Bu yanvar İngiltərə Premyer Liqası klubları transferlərə keçən illə müqayisədə 8 dəfə az pul xərclədi. Ötən ilin yanvarında klublar yeni futbolçuların alışına görə 815 milyon funt-sterlinqdən keçmişdi. Bu dəfə isə məsrəf 112 milyon təşkil edib.

Maraqlısı odur ki, ən çox pul xərcləyən komanda “Kristal Pelas”dır. 11 klub isə, o cümlədən “Arsenal”, “Liverpul”, MY, “Çelsi” və “Nyukasl” daxil olmaqla, heç bir transfer etməyib. Bir şeyi də xatırladaq ki, keçən ilin yayında liqa komandaları transferlərə 2,4 milyard xərcləmişdi.

“Covid” dövrünü çıxsaq, bu qışın məsrəfləri son 12 ilin ən az olanıdır. 2012-ci ildən başlayaraq, qış dönəmində transferlərə xərclənən pullar artırdı. Həmin il məsrəf 75 milyon idi. Ondan sonrakı illərin xərcləri isə bu yanvarın məsrəfindən çox olub.

Qışın ən bahalı transferi 21 yaşlı müdafiəçi Radu Drequşindir. Rumıniyalı futbolçu 26 milyon funt-sterlinqə “Cenoa”dan “Tottenhem”ə keçib. Sözsüz ki, bu keçidlər yanvar ayı ərzində baş tutan transferlər siyahısının ilk yerlərindən uzaqdır.

20 klubun ümumilikdə gətirdiyi futbolçu sayı 30-a bərabərdir. Onlardan da 13-ü icarə əsasındadır. Hətta 2012-ci ildə keçidlərin sayı bundan çox idi. Keçən il isə yanvarda 42 transfer reallaşmışdı.

0dd20315 0231 414b 88fa 88efdca531fb - Futbolinfo.az

Belə bir halın yaşanmasının əsas səbəblərindən biri “Everton”un başına gələn hadisədir. 2013-cü ildən etibarən İPL-də daxili maliyyə nizam-intizamı hökm sürür. Formal olaraq, 3 il ərzində klubun zərəri 15 milyonu keçməməlidir. Əslində isə, bu rəqəm 105 milyona qədər qalxa bilir. Rəqəmlərin artıq olmasının səbəbi klubların müxtəlif yollarla maliyyə əməliyyatlarını ört-basdır etməsidir.

Keçən ilə qədər İPL, klubları yalnız hədələmklə məşğul idi. 2023-cü ildən başlayaraq isə əməli fəaliyyətə keçdi. Əvvəlcə “Mançester Siti”yə qarşı tədqiqat başlanıldı. Araşdırmalar indi də davam edir. Noyabrda isə ilk ciddi sanksiya yeridildi. “Everton” klubundan 2021-2022-ci illər mövsümündəki qanunsuzluqlara görə 10 xal silindi. Bu ilin əvvəlində “Everton” və “Nottingem Forest”ə qarşı yeni ittihamlar irəli sürüldü. Onlar keçən mövsümün gedişində ciddi maliyyə pozuntularına yol verib. Hazırda bununla da bağlı araşdırma davam edir.

Belə bir yoxlamaların arxasında Britaniya hökuməti dayanır. Onların yaratdığı İREF adlı qurum heç kimdən çəkinməyərək maliyyə təmizliyinə nail olmaq fikrindədir. Bir çoxlarının fikrincə İREF nəhayət ki, ağılsız transferlərin, pul məsrəflərinin qarşısını alacaq.

Yanvar ayının sakit keçməsini UEFA ilə də əlaqələndirmək olar. Avropa futbol qurumu maliyyə əməliyyatlarına ciddi nəzarət edir. Bundan əvvəlki qaydaların işləmədiyini görən UEFA, hazırda başqa metoda əl atıb. Əvvəlki illərə göz yumulub, maliyyə əməliyyatları sıfırlanıb. Hər şeyin yoxlanılmasına 2023-cü ildən başlanılıb. Klubların zərər limiti 30 milyondan 60-a qaldırılıb.

Son illərin maliyyə əməliyyatlarına nəzər yetirsək, İPL-də “Çelsi” və “Everton”un vəziyyəti acınacaqlıdır. Bu klublar demək olar ki, məsrəf limitinin sərhədindədirlər. “Arsenal”, “Liverpul, MY və daha 6 klub isə, ümumiyyətlə sahiblərinin pulundan istifadə etməyib.

fb65cd50 f9b5 4e30 aa59 e9ece3d42cce - Futbolinfo.az

Çətin vəziyyətdən çxımaq yolunu bəzi klublar yetirmələrini satmaqda görür. “Çelsi”nin yeni amerikalı sahiblərinə də bunu şamil etmək olar. Devid Bouli və ortaqları “Çelsi” akademiyasının gənclərini satmaqla vəziyyəti düzəltməyə çalışır. Konor Qallaher, Ris Ceyms, Trvo Çaloba və Armando Broinin satılacağı şayiələri əsassız deyil. Keçən ilin 850 milyonluq xərclərinə görə, londonlular bu il bir neçə futbolçusunu satmaq məcburiyyətindədirlər. Hesablamalara görə , “Çelsi” 100 milyonluq satış icra etməlidir. Əks halda, komanda sanksiyalarla üzləşəcək. Ən pisi isə odur ki, komanda artıq heyətini gücləndirə bilmir.

Digər klublardakı vəziyyətə nəzər salaraq, yay transfer pəncərəsi zamanı kimin imkanlarının geniş olduğunu görə bilərik. Yay transfer pəncərəsi zamanı “Tottenhem”, MS, “Brentford”, “Brayton” və “Liverpul”un əl-qolu tam açıqdır. Onlar böyük məbləğdə transferlər həyata keçirə bilərlər. “Arsenal”, MY, “Vulverhempton”, “Aston Villa” və “Vest Hem”in də vəziyyəti yaxşıdır. Ən pis durumda isə bir qədər əvvəl də yazdığmız kimi, “Everton” və “Nottingem Forest”dir.

Ancaq bir şeyi də yaddan çıxartmayaq ki, hətta belə passivliklə də İPL transfer bazarında dominantlığını davam etdirir. Bu mövsümün ümumi transfer əməliyyatları 2,5 milyarda bərabərdir. Bu, tarixdə ikinci nəticədir. Ekspertlərin fikrincə, qış sakitliyi yay transfer pəncərəsindəki fırtınanın carçısıdır.

İLQAR AĞAYEV

Shares: