Portuqaliya çempionatının 20-ci turunda keçirilməli olan “Famalikao” – “Sportinq” oyununun təxirə salınması ölkədə təşvişə səbəb olub.
Futbolinfo.az xəbər verir ki, polis çatışmazlığı ucbatından qarşılaşma qeyri-müəyyən tarixə keçirilib.
Portuqaliya İdman Hüququ Assosiasiyasının vəkili Joze Migel Albukuerk avrokuboklarda çıxış edən klublarına xəbərdarlıq edib. O bildirib ki, UEFA belə məsələlərə daha həssas yanaşır. Assosiasiyanın lideri əlavə edib ki, avrokuboklarda ev matçları zamanı eyni hal təkrarlanarsa, qitə futbol qurumu Portuqaliya klublarına texniki məğlubiyyət verə bilər.
Hazırda Portuqaliyanın 4 klubu avrokuboklarda çıxışını davam etdirir. “Portu” Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni davam etdirəcəksə, “Sportinq”, “Benfika” və “Braqa” Avropa Liqasında çıxış edirlər. “Braqa”nın bu turnirin pley-off mərhələsindəki rəqibi isə Azərbaycan çempionu “Qarabağ”dır. Yəni UEFA portuqaliyalılara hər hansı sanksiya tətbiq edərsə, bu, “Braqa”ya da təsir göstərə bilər.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.