“Qəbələ” klubunun braziliyalı müdafiəçisi Lukas Afrikonun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının XXI turunda “Zirə” ilə heç-heçə (1:1) etdiniz. Qazanılan 1 xalı sizin üçün yaxşı nəticə saymaq olar?
– “Zirə” ilə matçda yaxşı oyun göstərdik. 90 dəqiqə ərzində balanslaşdırılmış futbol nümayiş etdirdik. Təbii ki, evdə keçirdiyimiz görüşdən 3 xalla ayrılmaq bizim üçün daha yaxşı olardı. Amma heç-heçə də pis nəticə deyil. Meydanı xalla tərk etmək həmişə sevindiricidir.
– Ülvi İsgəndərovun “Zirə”yə vurduğu qol haqda nə deyə bilərsiniz? Meydanın mərkəzindən qapıya zərbə vuracağını gözləyirdiniz?
– Ondan bunu gözləyirdim. Çünki Ülvi əvvəlki görüşlərdə bir neçə dəfə belə qol vurmağa cəhd edib. Bu dəfə alındı. Bildiyim qədərilə, ötən mövsümdə də “Zirə”nin qapısına bu cür qol vurub.
– Ölkə kubokunda sizi “Araz-Naxçıvan”la cavab matçı gözləyir. Yarımfinala adlamaq şansınız nə qədərdir?
– Komandamıza inanıram. Yarımfinala çıxa biləcəyimizi düşünürəm. Düzdür, bizi çətin oyun gözləyir. “Araz-Naxçıvan”ın heyətində yaxşı futbolçular var. Buna görə də ağır qarşılaşma olacaq. Amma bu sınaqdan üzüağ çıxmağa çalışacağıq.
– Premyer Liqanın XXII turunda isə səfərdə “Turan Tovuz”la üz-üzə gələcəksiniz. Bu görüşdə qeydə alınacaq hansı nəticə sizi razı salacaq?
– Turnir cədvəlindəki hazırkı vəziyyətimizi nəzərə alsaq, kimə qarşı oynamağımızdan asılı olmayaraq, bizi ən çox qane edəcək nəticə qələbədir. Bu, “Turan Tovuz”la oyunda da, növbəti turlarda da belə olacaq.
– Qeyd etdiyiniz kimi, “Qəbələ” hazırda turnir cədvəlində sonuncudur. Komandanız Premyer Liqadakı yerini qoruya biləcək?
– İndi bizim üçün bir olmaq, birlik nümayiş etdirmək zamanıdır. Oyun planında gündən-günə güclənməli, inamlı çıxış etməliyik. Bunu bacara biləcək komandamız, çox yaxşı futbolçularımız var.
– Qəbələdəki oyunlarda sizi dəstəkləmək üçün stadiona az sayda azarkeş gəlir. Bunun səbəbini nədə görürsünüz?
– Hər şeyin səbəbi var. Təəssüf ki, oyunlarımızda müsbət nəticələr qeydə alınmadıqca, azarkeşlər stadiona gəlməyi dayandırdılar. Bu, onların hüququdur. Amma bayaq da dediyim kimi, indi birlik zamanıdır, komanda ilə azarkeşlər yumruq kimi birləşməlidir. Çünki birlikdə daha güclüyük. Azarkeşlərimizi stadiona dəvət edirəm, gəlib bizə dəstək olsunlar. Onların tribunaları doldurması oyunumuzda, nəticələrimizdə fərq yarada bilər.
– Azərbaycan çempionatında hansı hücumçuya qarşı oynamaq sizin üçün rahat deyil?
– “Qarabağ”ın forvardı Juninyonun adını çəkərdim. Ona qarşı oynamaq rahat deyil. Bütün müdafiəçiləri narahatlıqda saxlaya bilən hücumçudur.
FƏRİD