“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm. İlk növbədə Qismətə təşəkkür etmək istəyirəm, ağır günlərində komandanın yanında oldu, oynadı. Bu, komanda üçün əlavə motivasiyadır. Çox ağır oyun keçdi. Hesaba baxmayaraq, rəqib bizi 90 dəqiqə təzyiq altında saxladı. Böyük əzmkarlıq göstərib, vacib qələbə qazandıq.
“Səbail” elə rəqibdir ki, “Qarabağ”la matçda 5-6 qol epizodu yaradır və qol vurur. O riski gözə alıb, düşündük ki, hücumu biz edək. Qol buraxsaq da, qollar vuraq. “Səbail”lə matçda tam müdafiədən oyun qurmaq mənasızdır. Bu gün çalışırdıq ki, çox qol vuraq.
Bu mövsüm ilk oyunumuzdu ki, üç top fərqi ilə qalib gəldik. Bundan da qabaq oyunlar olub ki, epizodlarımız çox olub. Futbolçularıma dedim ki, bu gün son vuruşlarda soyuqqanlı idik deyə, fərqli nəticə oldu. Son vuruşları, ötürmələri daha dəqiq etdik deyə, inamlı qələbə qazandıq.
Qisməti oynatmaq planda yox idi. Sadəcə, ikinci hissənin 60-cı dəqiqəsindən sonra rəqib o cinahda çox aktiv idi. Özü də oynamağa razılıq verdi. Oynadı. Ondan sonra o cinahdakı problemimiz həll edildi.
Davit Volkovla bağlı “Zirə” və “Sabah” arasında danışıq olub. Biz qarşı tərəfdən cavab gözləyirik. Bu gün 12-yə qədər vaxtımız var. İstəyərdik ki, onu heyətimizdə görək. Ceyhun Nuriyev və Rafael Utziq istədiyimiz səviyyədədir. Hücumumuzu gücləndiriblər”.