Sürpriz olmadı, yarımfinala ən layiqlilər və ilk oyundan sonra müəyyən üstünlük qazananlar vəsiqə əldə etdi. “Qarabağ” məsələni ötən həftə Masazırda həll etmişdisə, “Zirə” Bayılda başladığı işi evdə bitirdi.
Azərbaycan Kuboku uğrunda 1/4 final mərhələsinin ili iki cavab oyunu məhsuldar alındı. “Qarabağ”ın “Sabah”la oyunlarında 180 dəqiqəyə 15 qol vuruldu ki, bu, çox güman yeni rekorddur. “Zirə” isə özü üçün mövsümün rekordunu müəyyən etdi – “qartallar” ilk dəfə hansısa görüşdə 3 dəfə rəqib qapısının torunu silkələdi.
Murad Musayevsiz “Sabah” rusiyalı mütəxəssisin istefasına səbəb olan 1:7-nin revanşını almaq gücündə deyildi. Hətta komanda yarım saat bitməmiş 2:0 hesablı üstünlük qazananda da “Qarabağ” təşvişə düşmədi. Düzdür, ağdamlılara uzun fasilədən sonra 4 qol vura bilən komanda tapıldı, amma bu, heç nəyi dəyişmədi. 3:4 hesablı məğlubiyyət qonaqların gücünün yox, meydan sahiblərinin rotasiyalarının nəticəsi idi.
Qurban Qurbanovun məcburiyyətdən cinah oyunçularını müdafiənin mərkəzində oynatması hesaba təsirini göstərdi. Daha bir neçə aparıcı futbolçu istirahət etdiyindən, formal matça çıxan “Sabah” sakitcə qələbəsini qazandı, azlıqda qalan rəqibə geridönüş imkanı vermədi.
Musayevin gedişindən sonra paytaxt klubunda sanki gərginlik azalıb. İqor Ponomaryov ümidi doğrultmayan legionerlərdən daha səmərəli istifadə edir. Bəlkə də idman direktoru mövsümün sonunadək komandaya rəhbərlik etsə, nəticələr daha yaxşı olar. O, ən azı futbolçuların damarını tutmağı bacarıb.
Çempionatdakı qələbəsiz oyunlar seriyasını kubok matçlarında unutduran “Zirə” avrokuboka vəsiqə üçün ikinci cəbhəni əldən vermək istəmirdi. Rəşad Sadıqov istəyinə nail oldu. Qəsəbə təmsilçisinin baş məşqçisi daha cəsarətli oyuna üstünlük verincə “Səbail” müdafiəsi tar-mar edildi. Beləcə səfərdə əldə edilən qələbəyə darmadağın əlavə olununca yarımfinalçının adına aydınlıq gəldi.
“Sabah”dakı problemlər hələ ilk oyundan sonra “partlamış”, məşqçi istefasıyla nəticələnmişdi. “Səbail”də vəziyyət hələ o qədər kritik deyil, amma problemlər özünü göstərir. Komanda 2024-cü ildə keçirdiyi 5 rəsmi matçın birində heç-heçə edib, qalanını uduzub. Xal qazanılan yeganə oyunda da hakim birbaşa nəticəyə təsir edərək “Zirə”nin penaltisini verməmişdi. İlin açılış matçından bəri 4 görüşə 10 qol buraxan “Səbail” kubokda mübarizəni dayandırıb, çempionatda son pillələrə düşüb.
Mövsümün əvvəlində büsbütün dəyişilən, qışda gücləndirilən heyət daha çox şey bacarmalı idi. Klubun büdcəsi nəticələri ilə tərs mütənasibdir. Şahin Diniyevin vədləri özünü doğrultmur, komandanın qışa qədər oynadığı baxımlı futboldan əsər-əlamət qalmayıb. Doğrudur, “görüntü” var, lakin nəticələrlə tamamlanma yoxdursa, onun heç bir mənası qalmır. Diniyevin dünənki matçla bağlı dedikləri isə həqiqət deyil. Şahin bəyin “mərkəzi keçə bilmədiyini” iddia etdiyi “Zirə” oyuna diqtə edib 3 qol vurmağı bacardı. Bu açıqlamalar klub rəhbərliyinin könlünü oxşaya bilər, ancaq reallıq tam başqadır.
“Səbail” bu gün autsayderlərin nəfəsinin hiss edildiyi 7-ci pillədədir. Sonuncu iki komandanın ikisinin birlikdə büdcəsinin, oyunçu heyətinin “dənizçilər” qədər olmadığını nəzərə alsaq, nəticələrdən məmnun qalmaq mükün deyil. Dininyev futbolçularının partlayış edəcəyini, bir-birinə uyğunlaşdıqdan sonra daha yaxşı oynayacağını deyir. Amma mövsüm artıq finişə doğru gedir, növbəti turda “Kəpəz” məğlub edilməsə, “Səbail”in məşqçisi də, idarəçiləri də haqlı olaraq sponsorların qəzəbindən nəsibini almalıdır.
1/4 final mərhələsinin ən önəmli oyunları bu gün baş tutacaq. “Sumqayıt” son turda məğlub etdiyi “Neftçi”dən kubokda da revanş almaq üçün bütün gücünü ortaya qoyacaqsa, Qəbələdəki duel daha gərgin keçəcək. Meydan sahibləri “Araz-Naxçıvan”la səfər heç-heçəsindən sonra ümidlənib, amma bu cütdə nəticəni təsadüflər müəyyən edə bilər.
FƏRİD