MBA-da bu gecə 9 oyun keçirilib. Əsas diqqətçəkən məqam “Qolden Steyt Vorriors”un özünə gəlməsidir. Stiv Körrinin formada olması da onların işini xeyli irəli aparıb. “İndiana Peysers”lə səfər qarşılaşmasında Kaliforniya təmsilçisi 131:109 hesabı ilə qələbə qazanıb. Körri isə oyunu 42 xalla tamamlayıb.

Sloveniyalı Luka Donçiç üçün də gecə uğurlu alınıb. “Dallas Maveriks” səfərdə “Nyu-York Niks”ə qalib gəlib – 122:108. Donçiç oyun ərzində 39 xal toplayıb, 8 ribaund və 11 asist edib.

“Orlando Mecik” doğma arenada “San-Antonio Spörs”dən üstün olub. Qonaq komandanın türk basketbolçusu Cedi Osmanın aktivində 3 xal var.

Çempionatın iki iddialı komandasının oyununda “Minnesota Timbervulvz” qələbə qazanıb. Onlar Miluoki səfərində 129:105 hesabı ilə üstün olublar.

Çempionatın autsqayderi “Detroyt Pistons” ardıcıl ikinci səfər oyununu da qələbə ilə yekunlaşdırıb. Bu dəfə onlar overtaymda “Portlend Treyl Bleyzers”i məğlub ediblər – 128:122. Meydan sahiblərinin oyunçusu Qrant görüşdə 49 xal toplayıb.

Devin Bukerin oynamadığı qarşılaşmada “Finiks Sans” “Yuta Caz”ı məğlubiyyətə uğradıb – 129:115. Kevin Dürant 31 xal toplayıb.

Shares: