“Çətin rəqibə qarşı yaxşı oyun göstərmişdik. Amma həmişə qələbə qazanmaq istəyirik” – bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Belajdi Pusi deyib.

Albaniyalı oyunçu Misli Premyer Liqasının 21-ci turunda “Sabah”la heç-heçə (1:1) etdikləri matçdan danışıb: “Qalib gələ bilmədik. Sonra öz oyunumuzu təhlil etdik, səhvlərimizdən dərs aldıq. Artıq qarşıya baxmaq lazımdır. Çətin matç keçdi. 3 xal qazana bilərdik. Lakin belə rəqiblə səfəroyununda 1 xal da pis deyil”.

26 yaşlı hücumçu komandanın turnir cədvəlindəki mövqeyindən və qarşıdakı turda “Qəbələ”yə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Daha yaxşı olacağımızı düşünürəm. Turnir cədvəlində yuxarı pillələrə qalxa bilərik. “Qəbələ” ilə matçda 3 xal üçün oynayacağıq. Doğma meydanda qələbə qazanmalıyıq”.

Pusi Azərbaycan Kubokunda oynamağın onlar üçün daha yaxşı olacağını düşünür: “Kubokda mübarizəni davam etdirmək istəyərdik, təəssüf ki, məğlub olduq. İndi maksimum gücümüzü liqaya qoymalıyıq, diqqətimizi ora tam cəmləmişik”.

Shares: