“Hələ ki, hər şey yaxşıdır. Tələsmirəm, çünki xırda səhv, ani tələsmək zədəmi təzələyə bilər”. Bunu futbolinfo.az-a açıqlamasında Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli deyib.

Forvard zədəsindən danışıb: “Diqqətliyəm, doğru şəkildə bərpamı keçirəm. Ümid edirəm ki, tez bir zamanda da meydana qayıdacam”.

Emreli ona Türkiyədən və başqa ölkələrdən olan təkliflərdən söz açıb: “Təkliflər hər zaman olur. Rəsmidir, ya rəsmi olmayandır – bu barədə danışmaq düzgün deyil. Əlbəttə ki, zədə bu məsələdə böyük rol oynadı. Çalışıram ki, transfer söhbətlərindən diqqətli danışım, çünki “Dinamo”nun oyunçusuyam. Bu komandanın uğurları üçün çalışıram. Transfer dönəmində xəbərlər çıxır. İstər qış “transfer pəncərəsi”ndə, istər yayda təkliflərin olması normaldır. Zədəni saymasaq, məni narahat edən durum yoxdur. Bu da qismətdir. Hər şeyi qəbul edib daha güclü, daha yaxşı geri qayıtmağı düşünmək lazımdır. Belə zədələr olur, şükür ki, çox uzun müddətlik deyil, daha pis zədələr olur. Nə də olsa, zədə çətinlik yaradır”.

27 yaşlı oyunçu Millətlər Liqasının qrup mərhələsində İsveç, Slovakiya və Estoniya ilə eyni qrupa düşməyimizdən də söz açıb: “Ciddi rəqiblər düşüb. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək. Qrupda müsbət nəticələr əldə etmək istəyirik. Ümid edirəm ki, xalqımızı, azarkeşlərimizi sevindirərik. İnsanlar artıq futbolu daha yaxşı öyrənirlər, rəqiblərimizin gücünü bilirlər, hər şeyə real yanaşırlar. Əlbəttə, əvvəllər bu rəqiblərə qarşı oynaya biləcəyimizi göstərmişik. Çalışmalıyıq ki, bunu davam etdirək. Bu da komandanın hazırlığından, məşqçilərin tapşırıqlarından asılıdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp