Azərbaycan millisinin və “Qarabağ” klubunun sabiq müdafiəçisi Zaur Həşimovun futbolinfo.az saytına müsahibəsi
– UEFA Millətlər Liqasının 2024/25 mövsümünün püşkü atıldı və Azərbaycan yığmasının da rəqibləri müəyyənləşdi. Yığmamız C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq. Püşkün nəticəsi ilə bağlı fikriniz necədir?
– Normal qrupa düşmüşük. Qəbul etməliyik ki, milli olaraq reytinqdə son pillələrdəyik. Avropada özümüzdən zəif rəqib axtarmaq düz deyil. Bununla belə, qrupdakı şansımızı yüksək dəyərləndirirəm. Qarşıya maksimum nəticə məqsədi qoyulmalıdır.
– Qrupumuzdakı komandaların hamısı bizə tanış rəqiblərdir, son vaxtlar hər üçü ilə qarşılaşmışıq. Bu məqam lehimizə işləyə bilər?
– Bəli, lehimizə ola bilər. İsveç və Estoniya millisi seçmə mərhələdə komandamızla eyni qrupda idi. Slovakiya ilə isə Millətlər Liqasında qarşılaşmışıq. Bu, lehimizə olan amildir. Rəqibləri daha dərindən analiz edə biləcəyik.
– Hazırda yığmanın baş məşqçisi postu vakantdır. Sizcə, hansı təyinat millimiz üçün daha uğurlu olar?
– Milli komandaya birmənalı şəkildə yerli məşqçi təyinat almalıdır. Bu gün vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək məşqçilərimiz var.
– “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində fevralın 15-də Portuqaliyada “Braqa”nın qonağı olacaq. Necə düşünürsünüz, komanda səfərdən sərfəli nəticə ilə qayıda biləcək?
– “Qarabağ”ı ağır səfər oyunu gözləyir. Portuqaliya komandaları çox nizam-intizamlı, taktiki cəhətdən müxtəlif variantlardan istifadə edən komandalar olurlar. Daha öncə “Qarabağ”ın Portuqaliya klubları ilə qarşılaşmalarında da bunun şahidi olmuşuq. Öz növbəsində, “Qarabağ” da Avropada təcrübəli komandalardan sayılır. Bu mənada, “Braqa” ilə səfər görüşündən sərfəli nəticə ilə ayrılacaqlarına inanıram.
– “Qarabağ”ın Olavio Juninyo, Kevin Medina, Riçard Almeyda kimi bir neçə futbolçusu vaxtilə Portuqaliyada çıxış edib. Bu məqam rəqibi daha yaxşı analiz etmək baxımından təmsilçimizin xeyrinə ola bilər?
– Bu gün müasir texnika istənilən ölkənin komandalarını detallı şəkildə analiz etməyə imkan verir. “Qarabağ”ın vaxtilə Portuqaliyada çıxış etmiş futbolçuları mental cəhətdən hansısa məlumatları verə bilərlər. Hər halda, rəqib haqqında toplanan istənilən məlumat “Qarabağ”ın xeyrinə olacaq. Bu qarşılaşmalarda Ağdam klubuna uğurlar arzu edirəm. İnanıram ki, mərhələni keçən tərəf “Qarabağ” olacaq.
ABBAS