Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında ev sahibi olanlar mərhələ adladı. İlk oyun günündə olduğu kimi, dünən də ilk oyunda üstünlük əldə edənlər ümumi qələbəni təmin etdi.
“Qəbələ” səfər matçında azlıqda qalmasına rəğmən, heç-heçə etmişdi. Evdə bu üstünlüyü artırmaq üçün ilk dəqiqələrdən hücuma atılan bölgə təmsilçisi failəyədək işi bitirdi. “Araz-Naxçıvan” fasilədə etdiyi əvəzetmələrlə oyunda təşəbbüsü ələ alsa da, rəqib qapıçını məyus etməyi bacarmadı. Bütün həmlələri cərimə meydançası kənarında bloklanan qonaqlar məhz hücumda rəngarəngliyin olmaması üzündən hədəfinə çatmadı.
Çempionatın aşkar autsayderi olan “Qəbələ”yə məğlubiyyət naxçıvanlıların əsl gücünü də ortaya qoydu. Zaman göstərir ki, komandanın sabit çıxışı həlledicidir, qış fasiləsindən sonra bunu bacarmayan muxtar respublika təmsilçisi 4 gün ərzində Qəbələdə 2 autsayderdən ciddi zərbə aldı. Azər Bağırovun yetirmələri kubokda mübarizəni dayandırdı, çempionatda isə vəziyyətini çətinləşdirdi. Rəqiblərin ciddiyə almadığı dönəmdə qazanılan xalların davamı gəlmir. Deməli, komandanın oyunu, futbolçuların çıxışı analiz edilib və məşqçinin onları təəccübləndirməyə heç nəyi yoxdur. Bu isə “Araz-Naxçıvan”ı çöküşə aparır.
Dünən o da bəlli oldu ki, “Sumqayıt” ilk oyuna barmaqarası yanaşıb, kuboku çempionat matçına qurban verməsə idi, indi yarımfinaldaydı. Çempionatdakı qələbənin ardından kubok matçında da “kimyaçılar” “Neftçi”nin əsəbi ilə oynadı. 30 milyon manatdan çox büdcəsi, bahalı legionerlərlə dolu zəngin heyəti olan bakılılar, faktiki olaraq hesabı qorumağın marağında idi. Komandanın belə aciz duruma düşməsinin səbəbi heyətin yayda düzgün komplektləşdirilməməsi, transferlərin doğru edilməməsi və hazırlığın yaxşı səviyyədə olmamasıdır.
Miodraq Bojoviç qarşısına qoyulan hədəfə bir addım da yaxınlaşdı. “Neftçi”dəki taleyi kuboku qazanmaqdan asılı olan baş məşqçi hələlik yıxıla-dura irəliləyir. Lakin dünənki oyunla “Qarabağ”la yarımfinal duellərində heç bir şans yoxdur. Mövcud imkanlarla rəqibinə göz açmağa imkan verməməli olan “Neftçi” azarkeşlərini məyus etməkdədir.
İstənilən halda, “Neftçi” bu günün qalibidir. Hazırda hədəf yarımfinala kimi çempionatda üst pillələrə olmaq və komanda oyununu yaxşılaşdırmaqdır. Əks halda, titul qazanmamaq bir yana, hətta avrokuboklara vəsiqə də əldən çıxa bilər. “Qəbələ” də yarımfinaladək Premyer Liqada vəziyyətini düzəltməlidir. I Liqaya düşəcəyi halda komandanın kubokda yoluna davam etməsi özünü aldatmaq olacaq.
FƏRİD