Futbol təsərrüfatında həlledici dönəm başlayır. Martın sonunadək AFFA-da yeni prezident, deməli, həm də yeni strategiya müəyyənləşməlidir. Növbəti Hesabat-Seçki Konfransının vaxtı dəqiqləşəndən sonra yəqin ki, Rövnəq Abdullayevin dəstəsini kimlərin əvəz edəcəyi də yavaş-yavaş aydınlaşacaq.

Artıq bu həftə Konfransın vaxtını təyin edəcək İcraiyyə Komitəsinin iclası baş tutmalıdır. Sonrakı həftələrdə isə AFFA prezidentliyinə namizəd(lər) bəlli olmağa başlayacaq.

Gəncəyə səfəri təxirə salınan, daha sonra Parisdəki mühüm tədbirə getməyən Abdullayevin növbəti dəfə namizəd olmayacağı dəqiqdir. Son vaxtlar pərdə arxasında canfəşanlıq edən bəzi şəxslər üçün də qapılar bağlanıb. Sürpriz namizədlərin ortaya çıxması, əsasən futbol təsərrüfatının içindən seçiləcək idarəçilərin ön planda olması mümkündür. Çox güman, futbol elə futbol adamlarına tapşırılacaq.

Lakin Rövnəq Abdullayevin komandasında yer alan, az qala 20 ildir futbol təsərrüfatının bünövrəsinə külüng çalan bəzi şəxslər iddiasından əl çəkmir. Uzun illərdir vitse-prezident olan Elşad Nəsirov indi futbolda birinci şəxs olmaq qərarına gəlib. Daim kölgədə dayanıb əsas qərarverən olan bu şəxs dəstələrinə etimadın tükəndiyi bir vaxtda işin başına keçməyə məcbur olub.

Nəsirov yeni rəhbərliyin onların illərdir etdiyi səhvləri ifşa edəcəyini, gizlinləri aşkara çıxaracağını bildiyindən, şəxsi bizneslərini çiçəkləndirən futbol təsərrüfatını əldən vermək niyyətində deyil. O, bütün rıçaqlarını işə salıb və nəyin bahasına olursa-olsun prezident olmaq niyyətindədir.

Nəsirov ən yüksək səviyyədə dəstək almaq üçün hər şey edir. Elşad bəyin son dönəmlərdəki canfəşanlığı, milli komandaya baş məşqçi seçəcək İşçi Qrupa rəhbər təyin olunması məhz buna görədir. O, Abdullayevin kənara atıldığını, daimi əlaltısı Elxan Məmmədovun bərbad imicini nəzərə alaraq, özü hərəkətə keçib. Hətta yeganə namizəd olmasa da, o, seçkiyə qatılıb Konfransda qarışıqlıq yaratmaq niyyətindədir.

Nəsirov AFFA-nın daxilində də dəstəkçilər tapıb. İllərdir fayda vermədən kreslo tutan, səsvermə hüququnu əlində saxlamaq üçün müxtəlif qurumlara yerləşdirilən onlara şəxs, yenilərin qəzəbinə gələcəklərini bildiklərindən, hazırkı vəziyyəti qorumaq üçün vitse-prezidentə dəstək verməyə hazırdır. Amma bu məsələ ən üst səviyyədə həll olunacaq. İllərdi yalançı raportlarla özünü qoruyan Nəsirovun bu dəfə dinlənməyəcəyinə, əksinə, hesabat istəniləcəyinə ümid etmək qalır.

ABBAS

Shares: