I Liqada çıxış edən “İmişli” klubunun müdafiəçisi Nodar Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– I Liqada qış fasiləsi başa çatdı və çempionatın ikinci yarısına “İrəvan” üzərindəki qələbə (2:1) ilə başladınız. Oyunla bağlı fikirləriniz necədir? Rəqibi nəyin hesabına üstələməyi bacardınız?

– Oyuna çox ciddi hazırlaşmışdıq. Çempionatın ikinci yarısına yaxşı nəticə ilə start vermək istəyirdik. Bildiyiniz kimi, cari mövsümün startından öncə mənim özüm də “İrəvan”da idim. Demək olar ki, son anda komandadan çıxaraq “İmişli”yə gəlmişdim. Görüş səfərdə keçirilsə də, meydana qalibiyyət üçün çıxmışdıq. Vacib 3 xal qazandığımızı deyə bilərəm.

– “İmişli” 13 turdan sonra 23 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Bu nəticə sizi tam qane edirmi? Yoxsa düşünürsünüz ki, daha çox xal toplaya bilərdiniz?

– Fikrimcə, daha çox xal toplaya, turnir cədvəlində indiki mövqeyimizdən də yuxarıda qərarlaşa bilərdik. Sadəcə, birinci dövrədə çox çətinliklə üzləşdik. Zədəli oyunçularımız oldu və bu, daha çox xal toplamağımıza maneə yaratdı.

– 14-cü turda evdə “Difai Ağsu” komandası ilə qarşılaşacaqsınız. Rəqib turnir cədvəlində autsayderlər qrupunda yer alsa da, çempionatın ikinci yarısına böyükhesablı (4:0) qələbə ilə başladı. “Difai Ağsu” sizə də çətinlik yarada bilər, yoxsa asan qələbə qazanacağınızı düşünürsünüz?

– “Difai Ağsu” birinci dövrə ilə müqayisədə çox dəyişib. Heyətlərinə güclü oyunçular qatıblar. Odur ki, bizi çətin görüş gözləyir. Ümumiyyətlə, liqada asan rəqib yoxdur. Qələbə qazanmaq üçün hər oyunda çox əziyyət çəkməlisən.

– Çempionatın ikinci yarısında qarşınıza konkret hansı tapşırıq qoyulub?

– Birinci dövrədən qarşımıza ən yuxarı pillələrdə olmaq tapşırığı qoyulub. İkinci dövrədə də eyni məqsədlə mübarizə aparacağıq. Heyətimizə yeni futbolçular cəlb olunub. İnşallah ki, istəyimizə çatarıq.

– Yeni transferlər “İmişli”yə əlavə güc qata biləcəklər?

– Əlbəttə, qatacaqlar. Elşən Abdullayev, Elnur Cəfərov, İbrahim Əliyev, Xəqani Sadıxov kimi futbolçular heyətimizə cəlb olunub. Onlar “İmişli”yə məqsədə çatmaq yolunda kömək edəcəklər.

– I Liqada sizi razı salmayan məqamlar hansılardır?

– Tam ürəyimcə olmayan məqam meydançaların durumudur. Meydançaların yaxşı vəziyyətdə olmasını istərdim. Çünki bu amil birbaşa oyunun keyfiyyətinə təsir edir. Ot örtüyü əla vəziyyətdə olanda oyunun keyfiyyəti artır.

– Yığmanın sabiq üzvü olaraq, Millətlər Liqasındakı yeni rəqiblərimiz haqda fikirləriniz maraqlıdır. İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacağımız qrupda şansımızı necə dəyərləndirirsiniz?

– Millimizi çox çətin oyunlar gözləyir. İnşallah, komandamız məqsədinə çatar. İstəkli olsalar, diqqətli və ağıllı oyun göstərsələr, yaxşı olacaq. Bu cür rəqiblərlə görüşdə ani diqqətsizlik qolla nəticələnir. Buna görə də 90 dəqiqə ərzində diqqəti əldən vermək olmaz. Millimizin bizi qələbələrlə sevindirməsini arzulayıram.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp