“Kəpəz” dünən qələbə qazansaydı, turnir cədvəlinin alt pillələrində də mübarizə kəskinləşəcəkdi. Gəncəlilər, digər rəqiblər bir yana, üz-üzə gəldiyi “Səbail”lə xal fərqini 4-ə endirəcəkdi.

Oyun nominal meydan sahiblərinin istədiyi kimi başlamışdı. Hesabı açan “Kəpəz” 2024-də qələbə üzü görməyən rəqibindən ən azı xal almaq imkanına malik idi. Amma “dənizçilər” təşvişə düşmədi, oyunda dönüş etməyi bacardı. Ardıcıl qollar “Səbail”i 5-ci pilləyə qaldırdı.

Təbii ki, heyət fərqini nəzərə alsaq, sonda qələbəyə sevinən elə oyunun favoriti idi. “Səbail”in parlaq futbolunun qarşısında heç nə edə bilməyən “Kəpəz”, yalnız topu tordan çıxarmaqla məşğul oldu. Bu, son turlarda yaxşı oyun sərgiləyən gəncəlilərin ümidlərinin azalması, əsas rəqibi “Qəbələ” ilə qiyabi mübarizənin davam edəcəyi demək idi. Təbii ki, rəqiblərini Qəbələdə qəbul edən “Kəpəz”in məğlubiyyətinə yerli azarkeşlər məhz bu üzdən daha çox sevindi.

Ardıcıl ev oyunlarından sonra “Kəpəz”in əsl imtahanı başlayır. Gəncəlilər bir neçə tur ərzində daha güclü rəqiblərə qonaq olacaq, eyni zamanda “Qəbələ” ilə şəxsi duelə çıxacaq. Komanda dünənki məğlubiyyətdən dərs alıb toparlanmalıdır. Əks halda, autsayderlər qrupunda yerdəyişmə izləyə bilərik.

Bu matç “Səbail” üçün də dönüş nöqtəsi olmalıdır. Daha bir matçda xal itkisi ruh düşkünlüyünə, bəlkə də təzyiqə səbəb ola bilərdi. Lakin Şahin Diniyevin oyuna düzgün yanaşması, böhran vəziyyətindəki idarəetmə bacarığı həlledici rol oynadı. Bayıl təmsilçisinin qarşıdakı turlarda əsas vəzifəsi orta pillələrdə möhkəmlənmək, imkan daxilində avrokubok mübarizəsinə qoşulmaq olacaq.

Oyunda vurulan 5 qoldan dördünə legionerlərin imza atması da gözlənlən idi. Premyer Liqada limitin dəyişilməsindən sonra əcnəbi bolluğu statistikada əksini tapır. Təsadüfi deyil, 6 və daha çox qol vuran 9 nəfərin arasında cəmi 1 azərbaycanlı var. Bombardirlik üçün mübarizə aparan əcnəbilərdən biri də dünən 8-ci qolunu vuran Aleksandr Ramalinqom oldu.

Maraqlıdır ki, hətta 4:1 hesablı qələbə də 5-ci pillədə olan “Səbail”in top fərqindəki mənfi saldodan canını qurtarmasın imkan vermədi. “Kəpəz” isə ən çox top buraxan komandaların siyahısında liderə çatdı.

FƏRİD

Shares: