Misli Premyer Liqasının 22-ci turunun açılış matçında “Qarabağ”dan xal alarkən 6-cı pilləyədək irəliləyən “Sabah” çətin ki, indi sevinsin. Çünki bakılıların turnir cədvəlində ötdüyü rəqiblərin hamısı qalib gəlib onları 8-ci pilləyə endirdi. Tək təsəlli autsayderlərin uduzaraq bir qədər də uzaqlaşmasıdır.

“Turan Tovuz” vacib qələbə sayəsində nəinki autsayderlərin nəfəsni kürəyindən kəsdi, eyni zamanda avrokuboklara vəsiqə uğrunda mübarizədə olduğunu göstərdi. Hazırda 3-cü pillə ilə məsafə cəmi 3 xaldır və son pillədən 14 xallıq uzaqlıq təzyiqdən qurtularaq diqqəti daha böyük hədəflərə yönəltməyə imkan verir. Ardıcıl ev qələblərinin gətirdiyi rahatlıqla ilk dördlüyə iddia etmək olar.

Qərblilərin yeni transferlərinin komandaya tez uyğunlaşması, ümidləri doğrultması da qeyd edilməlidir. Tovuza yeni gələn legionerlər gedənləri unutdurur, icarəyə götürülən yerli futbolçular rəqabəti artırır. Məhz ehtiyat oyunçular skamyasının uzunluğu nəticələrin yaxşılaşmasına səbəbdir.

“Qəbələ”yə gəlincə, növbəti məğlubiyyətlə vəziyyətini bir qədər də çətinləşdirən bölgə klubu böhrandan çıxmağı bacarmır. Elmar Baxşıyevin komandanı böhrandan çıxarmaq gücündə olmadığı aşkar görünür. Heyət heç də zəif deyil, amma komandada sabitlik çatışmır. Dünən Ayxan Abbasovun taktiki cəhətdən onu məğlub etdiyinə hamı şahid oldu. Qonaqlara heyətlə bağlı sürpriz hazırlayan baş məşqçi seçimləri ilə nəticəni müəyyənləşdirdi, Baxşıyev ayılanda isə meydan sahibləri əvəzetmələrlə qələbə hesabını qorumağı bacardı.

“Sumqayıt”ın məğlubiyyətsizlik, “Zirə”nin qələbəsizlik seriyası davam etdi. Hər iki komandanın penaltini boşa verdiyi oyunda 0:0 onların öz yerində qalmasına da imkan yaratdı. Halbuki qələbə qəsəbə təmsilçisinin rəqibi ilə yerini dəyişib 2-ci pilləyə qalxmasına şərait yarada bilərdi. “Kimyaçılar” isə həlledici qolu vuracağı halda daha da rahatlaşacaqdı. Bu olmayınca büdrəmiş “Qarabağ”la xal fərqi ərimədi, üstəlik, “Səbail”, “Araz-Naxçıvan” və “Turan Tovuz” yenidən onlarla rəqabətə qoşuldu.

“Araz-Naxçıvan” kubokdakı məğlubiyyətin, çempionatdakı uğursuz gedişin dərmanını “Neftçi”ni yenməklə tapdı. Muxtar respublika təmsilçisi üstün olduğu oyunda layiq olduğu qələbəni son dəqiqələrdə qazandığı penalti ilə əldə etdi. Bu, ruh düşkünlüyü içində olan naxçıvalıların yenidən dirçəlməsinə səbəb olacaq.

“Neftçi”yə gəlincə, Miodraq Bojoviç də uğursuzluğa məhkumdur. Yeni baş məşqçi bakılıların oyununda müsbət dəyişikliyə nail olmayıb. Adrian Mutunun vaxtında yaşlı futbolçularla doldurulmuş heyətdə məhz sürət, dinamika çatışmır. “Ağır” komanda təcrübəli futbolçular sayəsində ara-sıra xal qazansa da, transferlərin doğru edilməməsi, heyətin düzgün komplektləşdirilməməsi problem yaradır.

Ola bilər ki, mövsümün sonunda “Neftçi” hətta ikinci pilləni tutacaq. Amma bu, bakılıların digərlərindən daha güclü olması səbəbindən deyil, əsas rəqiblərin bir-birini büdrətməsi hesabına reallaşacaq. Bojoviç bu potensialla böyük işlər görə bilməyəcək və yəqin ki, yayda “Neftçi” yenidən qabıq dəyişməli olacaq.

Mövsümün sonuna 14 tur qalarkən bir çox sualların cavabı bəllidir. “Qarabağ” çempionluğa doğru inamla irəliləyirsə, “Qəbələ” ilə “Kəpəz” bir-biri ilə mübarizə aparmalı olacaq. Bu cütlüyün hər ikisinin başqa bir komandanı ötməsi çətin görünür. Ev oyunlarını eyni stadionda keçirən komandalar indi daha çox bir-birini üstələmək üçün əyani və qiyabi mübarizə aparacaq. Avrokuboklar vəsiqə uğrunda isə gərgin rəqabət sonadək davam edəcək. 3-7-ci yerlərdə qərar tutan komandalar ən çoxu 7 xallıq uzaqlıqdadır və hər an vəziyyət dəyişə bilər.

FƏRİD

Shares: