Misli Premyer Liqasının 22-ci turu penalti bolluğu ilə əlamətdar olub.

Futbolinfo.az saytının məlumatına görə, keçirilən 5 oyunda qapılara ümumilikdə 8 onbirmetrlik zərbə təyin olunub. Bu isə mövsümün rekordu deməkdir.

Buna qədər hakimlər “ağ nöqtə”ni ən çox 21-ci turda göstərmişdilər. Həmin turda təyin olunan 5 penaltinin 4-də fərqlənmək mümkün olmuşdu. Bu dəfə meydan oyunçularının qapıçılarla 8 duelindən 6-da toru silkələmək mümkün olub.

Qolsuz bərabərə yekunlaşan “Zirə” – “Sumqayıt” qarşılaşmasında hər iki komandanın penaltidən fərqlənmək imkanı yaranıb. Lakin birincilərdən Qismət Alıyev, ikincilərdən isə Rövlan Muradov şansı qaçırıb.

Bununla 2023-24 mövsümündə qolla nəticələnməyən penalti sayı 5-ə yüksəlib. Daha əvvəl “Sabah”da 2, “Qarabağ”da isə 1 futbolçu qapıçını məyus edə bilməmişdi. “Sabah”ın heyətində Emmanuel Apeh 14-cü turda “Qarabağ”la, Anatoli Nuriyev isə 18-ci turda “Qəbələ” ilə matçda onbirmetrlikdən yararlana bilməyib. Hər iki oyunda “Sabah” minimal fərqlə (müvafiq olaraq 1:2, 0:1) uduzub. 21-ci turda isə “Qarabağ”ın müdafiəçisi Toral Bayramov “Səbail”i 2:1 hesabı ilə məğlub etdikləri görüşdə penaltidən düzgün yararlanmayıb.

Ümumiyyətlə, cari mövsüm hakimlərin təyin etdikləri penalti sayı 40-a çatıb. Bunun 35-də komandalar fərqlənməyə müvəffəq olublar.

Shares: