“Zirə”nin portuqaliyalı qapıçısı Tiaqo Silva ölkəsinin mətbuatına danışıb.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı qolkiper Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la “Braqa” arasında keçiriləcək oyunları dəyərləndirib.
O, həmyerlilərini cütün favoriti adlandırıb: “Braqa” favoritdir, lakin onlar oyuna ciddi yanaşmalıdırlar. Asan oyun olacağını düşünürlərsə, belə olmayacaq. “Qarabağ”ın evdə uğurlu nəticə əldə etmək şansı daha çoxdur. Çünki “Braqa” Bakıya yorğun gələcək. Səyahət uzun olacaq. Bilmirəm, birbaşa uçuş olacaq, ya yox. Normalda bir səfər 9-10 saat arasında olur”.
Silva “Braqa”ya Bakıda hava şəraitindən çətinlik çəkə biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Son bir neçə gündə hava yaxşılaşıb, lakin hər an külək əsə bilər. Bu da xeyli çətinliklər yaradır. Soyuqlara dözmək olar, amma küləkdə çıxış etmək çətindir. Bizim topa zərbə vurduğumuz və onun geri döndüyü oyunlarımız olub. Belə vəziyyət yaranarsa, oyun çətinləşəcək və cəlbedici olmayacaq. Həmin vaxta qədər havanın daha yaxşı olacağına inanıram”.
“Zirə”nin futbolçusu “Qarabağ” barədə də müəyyən məlumatlar verib: “Avropadakı “Qarabağ” çempionatdakından fərqlidir. Burada daha çox topla oynayır və rəqiblərə qarşı üstünlük təşkil edir. Avropada isə bunun əksinədir. Sürətli hücumlarda çox güclü olurlar. Çox sürətli hücumçulara sahibdirlər. İrəliləmək üçün boş mövqe tapsalar, bunu effektiv şəkildə yerinə yetirəcəklər”.
Qeyd edək ki, “Braqa” – “Qarabağ” oyunu fevralın 15-də Portuqaliyada keçiriləcək.