“Azərbaycanda boks, MMA və “Formula 1”i çox sevirlər. Futbolu bir az kənara qoyurlar”. Bunu “Zirə”nin qapıçısı Tiaqo Silva Portuqaliya mətbuatına müsahibəsində deyib.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı qolkiper Premyer Liqada komanda sayının az olmasını belə əsaslandırıb: “Birinci Liqada mübarizəyə başlamazdan əvvəl yuxarı qalxan komanda, məsələn, əcnəbi oyunçularla müqavilə bağlamaq üçün gəlirinin olduğunu göstərməlidir. Təqdim etməsəniz, qeydiyyatdan keçə bilməzsiniz və ya yalnız azərbaycanlı oyunçularla qeydiyyatdan keçə bilərsiniz. Bu, yaxşı işdir. Portuqaliya futbolunda maaşlarla bağlı çox mübahisə görmüşük, ancaq Azərbaycanda buna icazə verilmir. Çempionata qatılmaq istəyən komanda kapitala sahib olmalıdır. Premyer Liqada komanda sayı 10-dur. Bu say artmalırdımı? Aşağı liqadakı bir çox komandanın stadionu köhnədir. Onların elitada rəqabətli şəkildə iştirak etmək üçün kapitalının nə dərəcədə olacağını bilmirəm”.

Portuqaliyalı qolkiper çempionatın formatının o qədər də uğurlu olmadığını düşünür. Buna baxmayaraq, o, rəqabətdən məmnunluq bildirib: “Təşkilatçılar rəqabətli çempionatın olması üçün dörd dövrədən ibarət format tətbiq ediblər. Sizə bir misal çəkim. “Qəbələ” Konfrans Liqasının təsnifat mərhələsində çıxış etdi, hazırda isə çempionatda sonuncu yerdədir. Amma yaxşı oynayan və çempionatda istənilən rəqiblə rəqabət apara biləcək komandadır. Bu da liqanın rəqabətli olmasından xəbər verir. Burada futbol yaxşıdır, pozitiv şəkildə keçir. Ancaq Portuqaliyadakı qədər böyük rəqabət yoxdur. Azərbaycanda klublar arasında sağlam münasibət var. Həmişə eyni komandalar bir-birinə qarşı oynayır və müəyyən bir nöqtədə sürpriz faktoru olmur. Oyun bir az ölür, çünki komandalar artıq bir-birini çox yaxşı tanıyır və bir-birinə uyğunlaşır. Düşünürəm ki, qış fasiləsi uzun ola bilərdi. Hər halda, yanvarda tribunalarda insanların olması mümkün deyil, hava çox soyuqdur”.

Silvanın fikrincə, ən böyük problem oyunlara azarkeşin az gəlməsidir: “Oyunlarda azarkeş çatışmazlığı var. Futbol onsuz da yaxşıdır, amma daha yüksək səviyyəyə çatmaq istəyirlərsə, daha çox insanı stadionlara cəlb etməlidilər. “Sabah” bu istiqamətdə çox böyük işlər görür. Onların artıq oyunlardan əvvəl fan-zonası var və daha çox tamaşaçı cəlb etmək üçün dinamika yaradırlar. Bu mənada onlar hamıdan öndədirlər”.

Shares: