30 ildir nəfis dadı və yüksək keyfiyyəti ilə klassikaya çevrilmiş “Final” çay növbəti dəfə maraqlı layihəyə imza atıb.
Ölkəmizi Avropada təmsil edərək mükəmməl nəticələr nümayiş etdirən “Qarabağ”ın rəsmi dəstəkçisi olan adıçəkilən marka, “köhlən atlar”ın azarkeşləri üçün yeni marş hazırladıb. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş, Ağdamın əfsanəsi və “Qarabağ” futbol klubunun baş məşqçisi olmuş Milli Qəhraman Allahverdi Bağırovun adı ilə başlayan marşın hər sətrində milli-mənəvi dəyərlərimizə yer verilib. Dəqiq ritmləri və təntənəsi ilə tribunalarda coşqu yaradacaq bu musiqi əsəri, daşıdığı vətənpərvərlik mesajları ilə ruh yüksəkliyinə səbəb olacaq.
Sevilən bəstəkar Turan Manafzadə tərəfindən ərsəyə gətirilən “Finalda qazandıq” marşının musiqisinin emosionallığı ilə vətənpərvər sözləri mükəmməl vəhdət təşkil edir. İlk dəfə Xankəndi şəhərində təşkil edilən “Qarabağ”- MOİK görüşündə səsləndirilən marş azarkeşlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Final” çay dekabr ayında Xankəndi şəhərində təşkil edilən ölkə kubokunun 1/4 mərhələsinin “Qarabağ” – MOİK qarşılaşması zamanı bütün qonaqları ödənişsiz olaraq çaya qonaq edib.