Dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Latsio”ya uduzan “Bayern”də işlər qaydasında deyil. Tomas Tuhelin yetirmələri Bundesliqada “Bayer”ə 0:3 hesablı yenilgidən sonra daha bir bərbad matç keçirdi.
Futbolinfo.az xəbər verir ki, romalılara 0:1 hesablı məğlubiyyət Tuhelin Münhen klubundakı 10-cu uğursuzluğudur. 43-cü matçda bu həddə çatan çalışdırıcının sələfi Yulian Naqelsmann 10 məğlubiyyəti 84 görüş ərzində görmüşdü.
Komandanın bərbad oyununu statistika da göstərir. “Bayern”in matç ərzində qapı istiqamətinə endirdiyi 17 zərbənin hamısı hədəfdən yayındı. Sonuncu dəfə ÇL-də belə göstərici 2003/04 mövsümündə yaşanmışdı.
Münhenlilər 13 ildən sonra ilk dəfə İtaliya klubuna uduzdusa, “Latsio” ÇL pley-offlarında 2-ci qələbəsini qazandı. 14 il öncə “Valensiya” üzərində qələbə də 1:0 hesablı olmuşdu.
“Bayern” 2015-ci ildən bu yana ilk dəfə ardıcıl iki matçda qol vura bilmədi. Münhenlilər bu görüşlərdə ümumilikdə qapı istiqamətinə cəmi bir dəqiq zərbə endirib.