Tennis üzrə Avstraliya Açıq Çempionatının təşkilatçıları turnirin təqvimində dəyişiklik etmək istəyirlər. Yeni plana əsasən, kişilərin final görüşü şənbə günü keçirilə bilər. Belə olduqda, qadınlar arasında final qarşılaşması bazar günü baş tutacaq.
Belə bir addımın atılmasının səbəbi kişilərin final görüşünün uzun sürməsidir. Matç Avstraliya vaxtı ilə gecəyə qədər davam edə bilir. Belə olduqda azarkeşlər oyunu izləyə bilmirlər. Bu il keçirilən final oyununu bir çox yerli azarkeş izləyə bilməyib.
Hələlik təşkilat komitəsinin bununla bağlı yekun qərarı yoxdur. Çox güman ki, yarışların təqvimindəki dəyişiklik müzakirələrdən sonra baş tutacaq.
Xatırladaq ki, “Böyük dəbilqə” seriyalı turnirlərin heç birində qadınların həlledici görüşü kişilərin finalından sonra olmur.