“İkinci dəfə Avropa çempionu olmağımın arxasında böyük əziyyətlər durur”.
Futbolinfo.az xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Həsrət Cəfərov (67 kq) Dünya Güləş Birliyinin (UWW) mətbuat xidmətinə açıqlamasında deyib.
21 yaşlı idmançı turnirdən əvvəl Xorvatiyada təşkil olunan təlim-məşq toplanışındakı hazırlıqların bəhrəsini gördüyünü bildirib. O, qatıldığı bütün turnirlərə ciddi yanaşdığını qeyd edib: “Heç bir yarışa özümdən razı şəkildə getmirəm. Bu, bizə həm düşmür, həm də yaraşmır. Rəqiblərin hər birini güclü idmançı kimi görürəm. Heç birini özümdən zəif saymıram. Avropa çempionatında da qarşılaşdığım güləşçilərin hər biri titullu idmançılar idi”.
Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına qədər daha bir turnirdə çıxış edəcəyini vurğulayıb: “Dünya çempionatının finalında kubalıya məğlub olmuşdum. Orada bəzi səhvlərim oldu. Həmin mundialdan sonra səhvlərimin üzərində işlədim. Növbəti yarışda daha uğurlu çıxış edəcəyimə inanıram. Yəqin ki, olimpiadaya qədər daha bir yarışa qatılacağam”.
Cəfərov 2023-cü ildə Xorvatiyada keçirilən Avropa çempionatının da qalibi olub.