“Kəpəz” klubunun belaruslu müdafiəçisi Yeqor Xvalkonun futbolinfo.az saytına müsahibəsi
– Söhbətə Misli Premyer Liqasının 22-ci turunda “Səbail”ə uduzduğunuz (1:4) oyundan başlayaq. Hesabı açan tərəf “Kəpəz” olsa da, üstünlüyünüzü qoruyub saxlaya bilmədiniz…
– Hakimin oyuna müdaxiləsinə, qapımıza penalti təyin etməsinə qədər matç bizim üçün yaxşı keçirdi. Prinsipcə, pis oynamadıq. Lakin fərdi səhvlər görüşün taleyini həll etdi.
– İlk hissəsinin sonlarında hakim məhz sizin topa əllə toxunduğunuzu əsas gətirərək, “Kəpəz”in qapısına penalti təyin etdi. Həmin epizodu necə şərh edərdiniz?
– Epizodu diqqətlə izləyən hər kəs görə bilər ki, köməkçi hakim topu yan xətdən oyuna daxil etməli olduğumuzu göstərdi, lakin epizoddan 30 metr aralıda olan baş hakim başqa cür qərar verdi. Burada danışılası bir şey yoxdur. Yaxşı, tutaq ki, o epizodda penalti verilməlidir, problem yoxdur. Bəs, onda niyə ikinci hissənin əvvəlində rəqibin müdafiəçisi topu uzaqlaşdırmaq istəyərkən ona əllə toxunanda eyni qərar qəbul edilmədi? Mən bunu özümdən uydurmuram, o anın da videogörüntüsü var. Azərbaycan çempionatında VAR mövcuddur. Problem ondadır ki, bir matçda belə penalti verirlər, başqa görüşdə digər hakim eyni epizodu penalti olaraq dəyərləndirmir. Bu, normal deyil, uyğunluq olmalıdır.
– Fasilədən sonra “Səbail” əvəzetmələrin hesabına oyunun gedişatını dəyişdi. İkinci hissədə zəif oynamağınızın səbəbini nədə görürsünüz?
– Mən ikinci hissədə də pis oynamadığımızı düşünürəm. Sadəcə, bizimlə müqayisədə “Səbail” əlinə düşən qol imkanlarından yaxşı istifadə etdi.
– Qış fasiləsindən sonra “Kəpəz”in çıxışını necə dəyərləndirirsiniz?
– Normal qiymətləndirirəm. Düzdür, daha çox xal toplaya, daha yaxşı çıxış edə bilərdik. Bununla belə, oyunumuzda inkişaf var və bunu hər kəs görür. Fasilədən sonra keçirdiyimiz 4 görüşün hamısında yetərincə yaxşı təsir bağışlamışıq.
– Çempionatda növbəti oyunu səfərdə “Sabah”a qarşı keçirəcəksiniz. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
– Matça istəkli hazırlaşırıq. “Sabah” ciddi rəqibdir. Bizə xallar lazımdır. Bilirik ki, “Sabah” da qələbə qazanmaq, turnir cədvəlində yuxarı pillələrə qalxmaq istəyir. Maraqlı oyun keçəcəyi qənaətindəyəm. Nəticənin necə olacağını 90 dəqiqənin yekununda biləcəyik.
– Aydın məsələdir ki, “Kəpəz”in cari mövsümdəki hədəfi Premyer Liqada qalmaqdır. Liqadakı yerinizi qorumaq mübarizəsində əsas rəqibiniz isə “Qəbələ”dir. Bu rəqabətdən kim qalib ayrılacaq?
– Bəli, mövsümün əvvəlindən ilk hədəfimiz Premyer Liqadakı yerimizi qoruyub saxlamaqdır. Bu missiyanın öhdəsindən gəlməyə çalışırıq. Təbii ki, liqada qalmağımızı istəyirəm. Bunun üçün üzərimizdə çox çalışırıq, getdikcə oyunumuzu və nəticələrimizi yaxşılaşdırırıq.
– Azərbaycanın digər klublarından və ya başqa ölkələrdən təkliflər alırsınız?
– Xeyr, mənimlə heç kim əlaqə saxlamayıb. “Kəpəz”lə cari mövsümün sonuna qədər müqaviləm var. İşimi vicdanla görürəm, bacardığım hər bir şeyi edirəm.
FƏRİD