“Kəpəz”in müdafiəçisi Yeqor Xvalko hakimlərdən narazıdır. Belaruslu legioner son turda “Səbail”ə 1:4 hesablı məğlubiyyətdə ədalət təmsilçilərinin səhvlərinin həlledici olduğunu düşünür.

Xavalko futbolinfo.az saytına açıqlamasında konkret epizodlardan danışıb: “Hakimin oyuna müdaxiləsinə, qapımıza penalti təyin etməsinə qədər matç bizim üçün yaxşı keçirdi. İlk hissəsinin sonlarında hakim mənim topa əllə toxunduğumu əsas gətirərək penalti təyin etdi. Epizodu diqqətlə izləyən hər kəs görə bilər ki, köməkçi hakim topu yan xətdən oyuna daxil etməli olduğumuzu göstərdi, lakin epizoddan 30 metr aralıda olan baş hakim başqa cür qərar verdi. Burada danışılası bir şey yoxdur”.

Müdafiəçi hakimlərin ikili standart tətbiq etdiyini düşünür: “Yaxşı, tutaq ki, o epizodda penalti verilməlidir, problem yoxdur. Bəs, onda niyə ikinci hissənin əvvəlində rəqibin müdafiəçisi topu uzaqlaşdırmaq istəyərkən ona əllə toxunanda eyni qərar qəbul edilmədi? Mən bunu özümdən uydurmuram, o anın da videogörüntüsü var. Azərbaycan çempionatında VAR mövcuddur. Problem ondadır ki, bir matçda belə penalti verirlər, başqa görüşdə digər hakim eyni epizodu penalti olaraq dəyərləndirmir. Bu, normal deyil, uyğunluq olmalıdır”.

Shares: