Sevincliyik, amma hələ heç nə bitməyib. Rəqibin ikinci qolu olmasaydı və ya son saniyələrdə təkbətək epizod Nəriman Axundzadənin təcrübəsizliyinə qurban getməsəydi, “Qarabağ”ın ümumi uğuru haqda daha ümidli danışardır. Hələliksə yalnız birinci hissə başa çatıb.
“Qarabağ” ilk dəfə yüksəldiyi Avropa Liqasının pley-off mərhələsində önəmli üstünlük qazandı. Portuqaliyada qazanılan qələbə qiymətsizdir, amma 1/8 finala tam bilet deyil. Bakıda da diqqətli olmaq və işi bitirmək lazımdır.
İlk oyun gözləniləndən də yaxşı nəticə ilə başa çatdı. Çempionlar Liqasından gələn “Braqa”ya səfərdə 4 qol vurmaq sıradan iş deyil. Hesabı açan, yenidən önə keçən, xeyli qol epizodu yaradan “Qarabağ” Avropada futbol şousu göstərdi. Eyni zamanda məsuliyyət də artdı. Belə üstünlüyü Bakıda qoruya bilməmək böyük ruh düşkünlüyünə səbəb olar. “Braqa” keçilməsə, kimsə Ağdam klubunu qınamazdı, lakin ilk görüşdəki 4:2-dən sonra fürsət əldən verilsə, məyusluq daha çox olacaq.
Qurban Qurbanov “Braqa”nı əla analiz etmişdi. Öz oyun dəst-xəttindən imtina etməyən baş məşqçi, eyni zamanda rəqibin boşluqlarından məharətlə istifadə edilməsinə hesablanan taktika seçmişdi. Və hər şey plana uyğun getdi. 54-69-cu dəqiqələr arasında vurulan qollar sarsılmış rəqibin kötəklənməsi idi. “Braqa” noqdaundan ayılmadan ardıcıl zərbələr “yedi” və bu, ümumi qələbədə həlledici oldu.
Bununla belə, Portuqaliya klubunun xüsusilə hücum xətti çox təhlükəlidir. Bakıda ani arxayınçılıq hətta qısa zamanda ümumi hesabın bərabərləşməsinə səbəb ola bilər. Belədə 1/8 ümidləri suya düşər. Məsuliyyət daha da artıb – zirvədə qalmaq ora qalxmaqdan daha çətindir.
Gələn həftə ölkə futbolu tarixində önəmli matç olacaq. “Qarabağ”ın rəhbərliyi, məşqçiləri, futbolçuları Portuqaliyada qazanılan üstünlüyün əldən çıxmaması üçün hər şey edəcək. Lakin cavab matçında əsas işi azarkeşlər görməlidir. Komandanın 12-ci oyunçusu olaraq rəqibi təzyiqdə saxlamaq çox vacibdir və Respublika Stadionunu dolduracaq azarkeşlərin bunu bacaracağına əminik. Tarixi missiyanı yerinə yetirmək üçün “Qarabağ”ı tək qoymaq olmaz.
Avropa bir neçə gün dünənki qələbədən danışacaq. Onların gündəmindən düşməmək üçün cavab matçını qəzasız keçirmək, növbəti nəhəngi Bakıya gətirmək lazımdır. Eyforiyaya qapılmadan dünənki qələbənin yox, ümumi uğurun dadını çıxartmaq, bayram etmək gərəkdir.
FƏRİD