“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında çox ciddi rəqibə qarşı oynadıqlarını bildirib:
“Futbolçuları təbrik edirəm, çox əziyyət çəkdilər. Rəqibin sürətli oyunçuları var. Bu cür kollektivlər cavab görüşlərində istənilən nəticəni xeyirlərinə dəyişə bilirlər. Ona görə cavab matçında daha məsuliyyətli olmalıyıq”.
Qurbanov matçlardan əvvəl proqnozlara fikir vermədiyini söyləyib: “Bizim də xeyli təcrübəmiz var. İnanırdıq. Bəlkə də dörd qol vurarıq deyə düşünmürdük. Futbolçulardan hər hücumda keyfiyyətli olmağı tələb edirik. Bu gün oyunumuz pis alınmadı. Amma cütün taleyi hələlik həll olunmayıb. Şanslar bərabərdir. Belə turnirlərdə böyük geridönüşlər görmüşük. Daha soyuqqanlı olmalıyıq”.
Cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.