I Liqa təmsilçisi “İrəvan”ın iki futbolçusu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Fəhmin Muradbəyli, eləcə də komandanın türkiyəli legioneri Ege Atlam Adnan bir neçə gündür nəzarət altındadır.

Futbolinfo.az xəbər verir ki, “İrəvan” klubunun rəsmilərindən biri də saxlanılıbmış. Amma ilkin dindirilmədən sonra adı açıqlanmayan həmin şəxs sərbəst buraxılıb.

Böyük ehtimalla bu şəxslər danışılmış oyunlarda iştirak şübhəsi ilə saxlanılıb. Bir müddət əvvəl konkret olaraq üç nəfərin oyunların manipuliyasiyasında iştirakının sübut edildiyini yazmışdıq. Adlar zamanla açıqlanmalıydı və deyəsən, proses başlayıb. Hətta saxlanılanların siyahısının adı çəkilən iki nəfərlə məhdudlaşmadığı deyilir.

Fəhmin Muradbəyli və Ege Atlam Adnan ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində I Divizionda çıxış edib. Ola bilər ki, onların əməlləri elə keçən çempionatla bağlıdır. “İrəvan” rəsmisinin saxlanıldıqdan dərhal sonra buraxılması belə ehtimal etməyə əsas verir.

Onu da qeyd edək ki, bu xəbərin rəsmi təsdiqi yoxdur. İnformasiya var, amma heç bir qurumdan təsdiq cavabı ala blməmişik.

Shares: