UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ”ın meydanda ən yaxşılarından olan Marko Yankoviçin futbolinfo.az saytına müsahibəsi

– İnamlı qələbə qazandınız. Oyunu ümumi necə dəyərləndirərsiniz?
– Oyundan təbii ki, razıyıq. Səfər matçında bu cür qalibiyyət yaxşıdır. Komandamız düzgün oynadı, çıxışımız yaxşı idi. Amma hər şey ikinci matçda həll olunacaq. Bakıda daha ağır matç olacaq.

– Hesabın daha böyük olacağını da gözləyənlər var idi…
– Bir az özümü buraxdığımız ikinci qola görə pis hiss edirəm. Çünki oyunun sonuna 5 dəqiqə qalmış penaltidən 2-ci qolu buraxdıq. 3 qolluq fərq işimizi bir az daha da asanlaşdırardı. İndi hər şey açıq qalır. Düşünürəm ki, rəqib çox yaxşı komandadır və Tofiq Bəhramov adına Respublika stadionunda ağır matç keçirəcəyik.

– Digər komanda yoldaşların kimi sən də Bakıdakı matçın daha ağır keçəcəyini düşünürsən?
– Əlbəttə ki, ağır olacaq. Çünki rəqib ilk dəqiqələrdən təzyiq göstərəcək, qol vurmaq istəyəcək. Erkən qol vurmaq onlar üçün vacibdir. Lakin biz də indi istirahət edəcəyik, daha sonra yüksək səviyyədə oyuna hazırlaşacağıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

– Matçın ən yaxşılarından biri idin, rəmzi “11-liy”ə də düşmüsən. Özünü necə hiss edirsən?
– Düşünürəm ki, bütün futbolçular dünən ən yaxşı performansını ortaya qoymağa çalışırdı. Hamı əlindən gələni edirdi ki, komandamız uğur qazansın. Mənim oyunuma gəlincə, xüsusi bir səbəb yoxdur, həmişə bu cür oynamağa çalışıram. Komandamız ümumi olaraq yaxşı iş gördü. Bəlkə də individual olaraq bir neçə epizod önə çıxa bilər, amma uğur komandamızındır.

– Rəqibin futbolçuları açıqlama verib ki, “Qarabağ” bizim üstümüzdən tank kimi keçdi…
– Bilmirəm ki, onlara nə deyim. Mən də düşünürəm ki, qalibiyyəti haqq edirdik. Nə deyə bilərəm ki, möhtəşəm oyun idi. Növbəti addıma köklənməliyik.

– Evdə doğma azarkeşlərin önündə oynayacaqsınız…
– Azarkeşlər həmişə uğurda kömək edir. Yeni tarix yazmaq üçün həmişə onlara ehtiyacımız var. Ümid edirəm ki, evdə daha bir tarixi oyun keçirərik.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp