Nəticələr hamının ürəyincə olmaya bilər, amma azarkeşlər üçün iki baxımlı oyun izlədik. Misli Premyer Liqasının 23-cü turu əla start götürdü. Komandalar sürətli, dinamik oyunla zövqümüzü oxşadı.

Masazırdakı matç meydan sahibləri üçün uğursuz başladı. “Kəpəz”in erkən qolu oyuna maraq qatdı. Gəncəlilər üstünlüyünü artırmaq üçün oyunu əks-hücum üzrəində qursa da, zəngin heyətli “Sabah” sürprizə imkan vermədi. Bakılılar usta futbolçuları sayəsində öncə bərabərliyi təmin etdi, daha sonra hesabda önə keçdi.

Qonaqlar rəqibdən çəkinmədiyindən matç maraqlı alındı. Autsayerlər qrupundan qurtulmaq üçün hər xal qızıl qiymətində olduğundan, gəncəlilər mübarizədən qopmadı. Lakin səviyyə fərqi özünü göstərdi. “Kəpəz”in cəsarətli oyununa baxmayaraq, Murad Musayevin istefasından sonra özünə gələn “Sabah” qələbə hesabını təmin etdi.

Müvəqqəti baş məşqçi olan idman direktoru İqor Ponomaryovun nəticələri yaxşılaşdırması, autsayderlərdən birdəfəlik uzaqlaşması bir yana, Xəyal Əliyev kimi istedadı üzə çıxarması xüsusi vurğulanmalıdı. Komandanın əvəzedici heyətindən start “11-liy”inə yüksəldilən gəncə legionerlər arasında aparıcı rol vermək riskini hər məşqçi bacarmaz. Ponomaryovsa Aleksey İsayevin gedişini unutdurmaq üçün bu addımı atıb. “Sabah” sözügedən transferdən əla vəsait, üstəlik, boşalan yeri dolduracaq əla istedad qazanıb.

Günün ikinci matçının nəticəsi isə daha çox rəqib komandaları sevindirdi. Qışdan sonra özünə bənzəməyən “Səbail” ötən tur qazandığı qələbədən sonra özünə gəlsə də, dünən yenə büdrədi. Avrokuboklara vəsiqə uğrunda mübarizədə əsas rəqiblərdən olan “Araz-Naxçıvan”la 6 xallıq matç hər iki komandanın xal itirməsi ilə nəticələndi. Bu matçda da ilk və son qolu vuran eyni komanda idi, lakin naxçıvanlılar daha öncə oyunu çevrdiyindən yekunda xal bölgüsü qaçılmaz oldu.

Lakin turnir cədvəlində o qədər qarışıqlıqdır ki, “Turan-Tovuz” bu gün qələbə qazansa, 3 komandanı ötəcək, hətta 4-cü plləyə şərik olmaq imkanı qazanacaq. “Neftçi” – “Zirə” oyununda heç-heçə qeydə alınmasa, 4-8-ci yerlər arasında cəmi 1 xallıq fərq olacaq.

FƏRİD

Shares: